“İlham Əliyev rəqiblərinə böyük səs çoxluğu ilə qalib gəldi”

Ötən gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı “Qarabağ qaziləri” İctimai Birliyi açıqlama yayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə birliyin seçki prosesini izləyən müşahidə komandasının rəhbəri, qazi Yaşar Həziyev məlumat verib.

O bu seçkinin xalqımız və dövlətimiz üçün çox əhəmiyyətli olduğunu bildirib: “Qarabağ tamamilə azad edilib, Azərbaycanımızın suverenliyi bütün ərazilərimizdə bərpa edilib. Qalib xalq olaraq ilk dəfə belə bir seçki keçirirdik. “Qarabağ qaziləri” İB bu seçkidə ilk gündən yüzlərlə üzvünün və tərəfdaşının timsalında iştirak etdi. Qazilərimiz seçki günü ümumilikdə 45 rayonda öz təşəbbüsləri, ya da müxtəlif koalisiyaların, müşahidəçi missiyasını həyata keçirən digər komandaların tərkibində məntəqələrdə müşahidə aparıblar. Bəzi məntəqələrdə xırda çatışmazlıqları nəzərə almasaq, seçki prosesi bütövlükdə tam şəffaf, obyektiv və demokratik şəkildə həyata keçib. Qazilərimiz də bu seçkidə çox böyük aktivlik nümayiş etdiriblər”.

Y. Həziyev seçkinin nəticələri barədə də danışıb və bildirib ki, seçki mütəxəssislərinin verdiyi proqnozlar özünü doğruldub: “Hazırkı Prezidentimiz İlham Əliyev bütün rəqiblərini böyük səs çoxluğu ilə yenərək qalib gəldi. Elə biz də bunu gözləyirdik. Qarabağı azad edən, xalqımız və dövlətimiz naminə böyük işlər görən İlham Əliyev bu xalqın ən layiqli və şəriksiz lideridir. Prezidentimizi təbrik edirik! Ona ölkəmizin rifahı, dövlətimizin qorunması və inkişaf etməsi yolunda yeni-yeni uğurlar arzulayırıq!”

 

 

 

Gununsesi.info