Bu gün İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündür.
Gununsesi.info-nun xəbərinə görə, 2003-cü ilin oktaybrın 15-də prezident seçkilərində İlham Əliyev hakim partiyanın namizədi kimi seçkilərə qatılıb.
Həmin seçkilərdə İlham Əliyevin əsas rəqibi Müsavat başqanı İsa Qəmbər və AMİP lideri Etibar Məmmədov idi.
Həmin dövrdə səhhəti ilə bağlı ABŞ-da müalicə alan ölkə başçısı Heydər Əliyev seçkilərdən öncə xalqa müraciət edərək, İlham Əliyevi özünün siyasi varisi elan etdiyini açıqlamışdı.
İlham Əliyevə inandığını yazan Heydər Əliyev yarımçıq qoyduğu işlərin oğlu tərəfindən həyata keçiriləcəyinə inandığını bəyan etdi:
“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
İlham Əliyevin 22 illik hakimiyyətinin tarixi səhifəsi isə 2020-ci ildə Dağlıq Qarabağın və ətraf ərazilərin 30 illik işğaldan sonra azad edilməsi oldu.
Elmar Elnuroğlu
Gununsesi.info













