Yazıçı İlham Əziz Şah İsmayıl Xətai ətrafında aparılan müzakirələrdə məzhəb mövzusunun önə çıxarılmasını tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, İlham Əziz bildirib ki, məzhəb məsələsi cəmiyyətdə qarşıdurma yaratmaqdan başqa heç bir nəticə vermir:
“Şah İsmayıl söhbətinin içindən məzhəb küləyi əsir, bu çox təhlükəli küləkdir. Ağıllı kişilər bilir ki, məzhəb söhbəti bitib-tükənən deyil, heç bir nəticəsi də yoxdu, ancaq ara qarışdırmaq, zəhlə tökməkdi”.
Yazıçı qeyd edib ki, tarixi şəxsiyyətləri yaşadıqları dövrün şərtlərindən ayıraraq müasir meyarlarla mühakimə etmək düzgün deyil.
“Nə sünnü şiə olandı, nə şiə sünnü. Tarixi şəxsiyyətlər abidədir, onlara çamur atmaqla heç kim heç nə əldə edə bilməz. Onları yaşadıqları tarixi kontekstdən çıxarıb bu günün alətləri ilə mühakimə etmək onlara zülümdü, nahaqdır”, – deyə İlham Əziz vurğulayıb.
O, türk sultanlarının tarixdə verdiyi sərt qərarlara da diqqət çəkərək onların müasir dövrün baxışları ilə qiymətləndirilməsinin doğru olmadığını bildirib:
“Türk sultanları öz övladlarını, qardaşlarını, dostlarını edam ediblər. Bu gün biz onları da mühakimə edə bilərik, ancaq zaman, tarix bizə gülər.”
İlham Əzizin sözlərinə görə, tarixi şəxsiyyətlərə ilk növbədə dövlətçilik və tarixi kontekst müstəvisindən yanaşmaq lazımdır:
“Ağıllı adamlar onları dövlət müstəvisində mühakimə edir. Tarixi və böyük şəxsiyyətlər verdikləri qərarların qeyri-adiliyinə görə tarixi və böyükdürlər”.
Yazıçı Şah İsmayıl Xətainin ədəbi irsinə və şəxsiyyətinə münasibətdə dünya ədəbiyyatının tanınmış nümayəndələrindən Salman Rüşdinin mövqeyini də xatırladıb.
“Qaldı Şah İsmayıla, dünyanın yaşayan ən böyük yazıçılarından Salman Rüşdü “Florensiyalı sehrbaz” romanında Şah babadan 30 səhifə böyük heyranlıqla yazıb. Bizdə tarixi şəxsiyyətlərimizə heyranlıq və məhəbbətlə baxmalıyıq”, – deyə İlham Əziz bildirib.
Orxan












