İlham İsmayılın Avropada həbs edilən oğlu sərbəst buraxılıb

  • By admin
  • 13 Aprel 2023 08:22

Təhlükəsizlik üzrə ekspert, polkovnik İlham İsmayılın oğlu Cavidan İsmayılzadə sərbəst buraxılıb. Onun martın 29-da Çexiyada İnterpol xətti ilə saxlanması barədə Azərbaycan mediasında xəbər yayılmışdı.

 

Saxlanılmasının səbəbi haqda Meydan TV-yə danışan Cavidan İsmayılzadə deyib ki, 15 gün Bruno şəhərində nəzarətdə qalıb:

 

“Azərbaycandakı İnterpolun Milli Mərkəzi Bürosundan məlumat gəldi ki, adımı axtarışdan çıxarıblar, dərhal azad olunmalıyam”.

 

Bir neçə gün davam edən araşdırma zamanı məlum olub ki, Cavidan İsmayılzadəyə qarşı irəli sürülən ittihamlar hələ 2017-ci ildə sonlandırılıb və bəzi anlaşılmazlıqlar səbəbindən yenidən axtarışa verilib.

 

“Məsələlərə aydınlıq gətiriləndən sonra Azərbaycan İnterpolu aprelin 7-də Çexiya Prokurorluğuna, İnterpola mənim sərbəst buraxılmağımla bağlı və Azərbaycan hüquq-mühafizə orqanlarında heç bir cinayət işinin olmadığı barədə məlumat göndərib. Avropada pasxa bayramı dövlət səviyyəsində qeyd olunduğundan yalnız aprelin 11-də sərbəst buraxılmışam”.

 

Cavidan İsmayılzadə hazırda yeddi ildir yaşadığı Almaniyadadır.

 

Dəfələrlə başqa ölkələrdə, elə Çexiyada səfərdə olan Cavidan İsmayılzadənin niyə indi saxlanmasına özü belə aydınlıq gətirib:

 

“Mənimlə bağlı axtarış martın 14-də verilib. Ona qədər axtarışda olmamışam. İnterpola yeni komanda gəlib və görüb ki, CM-nin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə açıq bir məsələ var. Ona görə də axtarışı yeniləyiblər. Ancaq bu problem həll olunub”.

 

Yerli media onun adının 1 milyon manat dəyərində dələduzluqda hallandırıldığını yazıb. Özü isə yazılanların yalan olduğunu deyir:

 

“Mediada rəqəmlər az qala 5 dəfə şişirdilib. Məsələ belədir, 2015-ci ildə iflasa uğradım, 200 minə qədər borca düşdüm. Almaniyaya gələndən sonra həmin borcu bağladım. Məni İnterpola verən adamla isə problemim açıq qalmışdı, prinsipimiz vardı. Keçmiş ortaq işlərimiz vardı, mənə qarşı iddiasını qəbul etmirdim. Özüm Azərbaycanda olmadığımdan məhkəmə qarşısına çıxa bilmirdim. Ona görə də İnterpola verdirmişdi. Araşdırmadan sonra problem həll olundu və işə xitam verildi”.

 

Şəbnəm

Gununsesi.info