İlin sonuna iqtisadiyyatın 2,8%-lik böhrana məruz qalacağı gözlənilir - HÖKUMƏTDƏN XƏBƏRDARLIQ - YENİLƏNİB

  • By admin
  • 30 Noyabr 2016 12:02

samir_sarifov_06

“Bu ilin sonuna Azərbaycanda 58 milyard manatlıq ÜDM istehsalı gözlənilir”.

Gununsesi.info məlumat verir ki, bunu Milli Məclisin (MM) Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu ilin sonuna iqtisadiyyatın 2,8%-lik böhrana məruz qalacağı gözlənilir.

“Bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür. Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, ünvanlılıq və səmərəliliyin artırılması, yeni çağırışlara baxmayaraq makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir” – deyə, nazir vurğulayıb.

***

S.Şərifov bu ilin 10 ayında ÜDM istehsalının azalması səbəblərini açıqlayıb. Deyib ki, bu ilin 10 ayı ərzində ölkədə 49,2 mlrd. manat dəyərində ÜDM istehsal olunmaqla real azalma 3,7% təşkil edib.

Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə azalma 6,1% təşkil edib.

“Azalmanın əsas səbəbləri kimi keçən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda istehsalın 27,4% aşağı düşməsini, xarici ticarət dövriyyəsinin əhəmiyyətli daralmasını, yüksək dollarlaşma və kredit portfelinin keyfiyyətinin pisləşməsi nəticəsində bank sisteminin böyük itkilərlə üzləşməsi və hətta böhranla üzləşməsi və beləliklə, iqtisadiyyatın kreditləşməsinin ciddi azalmasını göstərmək olar. Belə bir şəraitdə 1998-ci ildən bəri bu ilk dəfə olaraq ölkənin tədiyyə balansı kəsirlə üzləşib” – deyə, nazir vurğulayıb.

M. Bünyadlı

Gununsesi.info