“İlin sonuna qədər Azərbaycanla yeni delimitasiya görüşü olmayacaq” – Qriqoryan

  • By admin
  • 15 Dekabr 2023 15:21

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın yeni iclasının tarixi və yeri hələ müəyyən edilməyib.

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

Qriqoryan bildirib ki, ilin sonuna qədər yeni təmaslar mümkün deyil. “Bununla belə, iş qaydalarını artıq tərəflər təsdiqləyib və müvafiq olaraq, yaxın gələcəkdə yeni görüşün tarixini razılaşdırmaq mümkün olacaq”, – o qeyd edib.

Xatırladaq ki, noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədində baş nazirin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının beşinci iclası keçirilib.

Ermənistan hökuməti dekabrın 14-də keçirilən iclasda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların iş reqlamentini təsdiqləyib.

Gununsesi.info