İlk dəfə ağır hemofiliyalı xəstələrin müalicəsinə başlanılır

  • By admin
  • 15 Aprel 2022 12:22

Dövlət Proqramı çərçivəsində Tədbirlər planına uyğun olaraq, Elmi-Praktiki Hemofiliya Mərkəzində cari ildə ölkəmizdə ilk dəfə hemofiliyanın inhibitor forması olan 3 ağır xəstəni müalicə etməyi planlaşdırılır.

Gununsesi.info-nun xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova Ümumdünya Hemofiliya Günü ilə bağlı açıqlamasında bildirib.

 

Həkim qeyd edib ki, ümumilikdə 2005-ci ildə Dövlət Proqramı qəbul olunandan və 2006-cı ildən dərman preparatları gətiriləndən sonra bu xəstəlikdən ölüm halları minimuma enib:

 

“2006-cı ildən qan laxtalandırıcı faktor preparatları ölkəmizə gətirilir və pasiyentlərə təmənnasız olaraq təqdim edilir.

Hemofiliyalı xəstələrə lazımı dozada faktor konsentratı vurulmasına baxmayaraq, bəzən qanaxma davam edir və bu hal xəstələrin inhibitor olmasına şübhə yaradır. İnhibitorlu xəstələr müalicəyə çox çətin tabe olduğundan həmin xəstələrin müalicəsi baha başa gəlir. Ona görə də inkişaf etmiş ölkələrdə belə xəstələrdə qanaxmaların qarşısını almaq üçün yeni innovativ dərman preparatlarından (Hemlibra- Emitizumab) istifadə edilir. Bu preparatlar həftədə 1 dəfə olmaqla dəri altına sxem üzrə yeridilir”.

Gununsesi.info