“İlk dəfə olaraq Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün real imkan yaranıb” -Duncan Norman 

Ötən gün Böyük Britaniya kralı III Çarlzın doğum günü münasibəti ilə Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi ziyafət təşkil edib.

Gununsesi.info bildirir ki, Azərbaycan hökumətinin, Parlamentinin, ictimai – siyasi sektor və media təmsilçilərinin iştirak etdiyi tədbirdə Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman çıxış edib. 

Duncan Norman çıxışında bildirib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi ilk çıxışını etmək onun üçün xüsusi şərəfdir:

“Bu axşam bizə qoşulduğunuz üçün təşəkkür edirəm. BP-yə, Rolls-Royce-a, bütün səxavətli dəstəkçilərimizə və fəxri qonağımıza Böyük Britaniya–Azərbaycan münasibətlərinə verdikləri töhfəyə görə minnətdarlığımı bildirirəm.

Əlahəzrət Kralın doğum günü münasibətilə təşkil olunan bu mərasimdə sizi salamlamaqdan məmnunam. Bunu ilk dəfə Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi etmək mənim üçün xüsusi şərəfdir.

Bir çox cəhətdən bu, yeni başlanğıcdan daha çox geri dönüşdür. Azərbaycana cəmi dörd həftə əvvəl gəlsəm də, Bakıya ilk səfərim 1999-cu ilə təsadüf edir. Həmin vaxtdan bu günə qədər ölkənin keçdiyi inkişaf yolu həqiqətən diqqətəlayiqdir.

Bu gün Azərbaycan dinamik, müasir və dünyaya açıq ölkədir. Hazırda ölkə mühüm imkanlar dövrünü yaşayır. Bir nəsil ərzində ilk dəfə olaraq Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün real imkan yaranıb. Sülh regionda ticarət, sərmayə və nəqliyyat əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Qarşıda duran əsas vəzifə isə bu sülhün dönməzliyini təmin etməkdir.

Lakin bütün bu dəyişikliklər fonunda dəyişməyən bir xüsusiyyət var – Azərbaycan xalqının səmimiyyəti və qonaqpərvərliyi.

Mənə Böyük Britaniya ilə Azərbaycan arasında otuz ildən artıq müddətdə formalaşan və bu gün Strateji Tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrin davam etdirilməsi şərəfi nəsib olub.

Münasibətlərimiz enerji sahəsində başlayıb. BP-nin sərmayələri Azərbaycanın müasir iqtisadi inkişaf tarixində mühüm rol oynayıb və biz bu əməkdaşlığı inkişaf etdirməyə davam edirik”.

Səfir vurğulayıb ki, tərəfdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır:

“Müdafiə sahəsində əlaqələrimiz tarixinin ən güclü dövrünü yaşayır. Biz qanunsuz əmtəə qaçaqmalçılığına qarşı mübarizədə sıx əməkdaşlıq edirik. Britaniya şirkətləri aviasiya, infrastruktur, maliyyə və süni intellekt kimi sahələrdə fəal iştirak edir.

Biz Qarabağda mina təmizlənməsi işlərinə verdiyimiz dəstəklə qürur duyur, bununla icmaların yenidən qurulmasına və bərpasına töhfə veririk”.

 

Şəbnəm

Gununsesi.info