“Bakı-Sumqayıt yolunda tələbələrin avtoqəzada həlak olmasından qırx gün keçdi. Dünən bu barədə heç bir yazıya rast gəlmədim. Bir neçə gün bundan əvvəl həlak olmuş tələbələrdən birinin atası yanıma gəlmişdi. Çox ağır söhbətimiz oldu”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkili Aslan İsmayılov öz “Facebook” statusunda yazıb.
O, yazıb ki, ilk günlər həlak olmuş tələbələrin ailələrinə verilən vədlər yerinə yetirilməyib. Bu vədlər ailələrin faciələrini heç cür əvəz edə bilməsə də, təsəlli olardı.
Onun sözlərinə görə, eyni zamanda, hadisənin günahkarlrı hələ də tam müəyyən olunmayıb.
“Ən əsası tələbələrin Sumqayıta getməyi yenə köhnə qaydada davam edir. Hər gün minə yaxın tələbənin Bakıdan Sumqayıta getməsi üçün Universitet rəhbərliyi bu günə qədər də heç bir tədbir görməyib.
Həlak olmuş tələbələrin ilin sonuna qədər ödədikləri təhsil haqları da ailələrinə qaytarılmayıb. Baş vermiş faciəyə bu cür səthi yanaşma, biganəlik yeni faciələrə səbəb olacağı şübhəsizdir.
Bir daha həlak olan tələbələrin ailələrinə başsağlığı verib onlara səbr, səlahiyyət sahiblərinə isə vicdan diləyirəm”-deyə, vəkil daha sonra yazıb.
Gununsesi.info