Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov son söz deyib.
Gununsesi.info-nun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, özünü təqsirli bilməyib.
İ.Süleymanov ittihamları qəbul etmədiyini söyləyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan hakimlər növbəti məhkəmə prosesinin iyunun 5-də keçiriləcəyini elan ediblər.
Həmin gün İ.Süleymanova hökm oxunacaq.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Gununsesi.info-nun məlumatına görə, prosesə hakim Dadaş İmanov sədrlik edir.
İclasda İ.Süleymanov son söz deyəcək.
Təqsirləndirilən şəxsin son sözündən sonra hökm oxunacağı gözlənilir.
Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Şəbnəm
Gununsesi.info