İlyas İsmayılovdan İran “şir”inə “quyruqlu” cavab:  “Amili kimi ayətullahı varkən bu ölkənin başqa düşmənə ehtiyacı yoxdur”

  • By admin
  • 23 Sentyabr 2021 09:06

İranın son zamanlar Azərbaycana qarşı sərgilədiyi mövqeyi təəssüf doğurur və bu, bizim qədər qonşu dövlətin də təhlükəsizliyini ciddi təhdid altında qoyur”.
 
Ədalət patyiyasını sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, İran dini lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imam-cüməsi Ayətullah Seyid Həsən Amilinin İranı şirə bənzətməsi və Azərbaycana “şirin quyruğu” ilə oynamamağı tövsiyyə etməsi başadüşülən deyil: “Azərbaycan son zamanlar nə edib ki, İran bunu özünün quyruğu ilə oynanılması kimi qiymətləndirib? Amilinin sözlərinə diqqət yetirsək, o, bu sualın cavabını öz cümə xütbəsində verib. Həmin xütbədə bir neçə hadisə sıralanır. Bunlardan biri Azərbaycanın hansısa deputatının 5 il bundan əvvəl Türkiyə qəzetlərindən birinə verdiyi açıqlamadır. Açıqlamada deputat İranın əgər Azərbaycana hücum edərsə, bir neçə yerə parçalanacağını və bu adda ölkənin xəritədən silinəcəyini bildirib. İfadə tərzi Tehranın xoşuna gəlməyə bilər, amma həmin açıqlamada Azərbaycanın İranı parçalamaq istədiyi qeyd olunmur. Əksinə, deputat İranı Azərbaycana hücum etməməyə çağırır. Bu baş verərsə, xarici güc mərkəzlərinin vəziyyətdən yararlanıb İranın özünü parçalamağa çalışacağını vurğulayır. Bu fikirdə səhv olan nədir ki, İranın acığına gedir?

Üstəlik, Amilinin bu açıqlamanı 5 ildən sonra yada salması da maraqlıdır. Yenidən qaşınmayan yerdən qan çıxarılması onu göstərir ki, Azərbaycana təzyiq etmək üçün İrana bəhanə lazım olub və arxivi eşələyərək bu bəhanəni tapıb.

Amilinin təhdidi ilə kifayətlənməyən İran İslam İnqilabı Keşikçiləri Korpusu Arazın kənarında Aslandüzdən Culfuya qədər 220 km-lik ərazidə hərbi təlimlər keçirməklə bizə hədə-qorxu gəlir. Məhz bu təlimlərdən sonra Türkiyə Ordusunun Naxçıvanda, NATO qüvvələrinin Ukraynada geniş miqyaslı təlimlərə başlaması əslində Azərbaycan MM deputatının 5 il bundan əvvəl səsləndirdiyi fikirləri təsdiqləyir.

İran həmçinin özünün qərb sərhədlərində də ciddi təhdid altındadır. Faktiki olaraq bizi hədəfə alaraq, özünə qarşı cəbhə xəttini daha da genişləndirir. Bir də qalxıb bizi İsrailə qulluq etməkdə günahlandırır. Amili zehniyyətli liderləri varkən, İranın başqa düşmənə ehtiyacı yoxdur”.

İlyas İsmayılovun fikrincə, Ayətullah Amilinin digər arqumenti Azərbaycan, Türkiyə və Pakistanın dünən başa çatan hərbi təlimləri ilə əlaqədardır. “Belə görünür ki, “Üç qardaş-2021” təlimlərinin ona qarşı yönəldiyini düşünən İran bizə və digər iki müttəfiqimizə əzələ göstərir. Hərbi-strateji baxımdan ən böyük xətaya da məhz burada düşür. Çünki istər-istəməz şimal-qərb sərhədlərindən Türkiyəni, cənub-şərqindən isə Pakistanı öz üzərinə cəkir. Üstəlik, Pakistanı qarşısına alaraq, Əfqanistandakı varlığını da təhlükə altına atır. Çünki Əfqanıstanın Pakistana nə qədər bağlı olduğu heç kimə sir deyil. Beləcə özü-özünü 3 tərəfli mühasirəyə salır. İranın cənubunda Ədən körfəzindəki mövqeyi də ürəkaçan deyil və faktiki onun üzünə bağlanmış vəziyyətdədir. Bunu da hesaba qatsaq, İran 4 tərəfdən özünü təcrid olunmuş vəziyyətə salır”.

Partiya sədrinin sözlərinə görə, əslində Amilinin bütün bu bəhanələri İranın Azərbaycana qarşı haqsız siyasətinə bəraət qazandırmağa hesablanıb: “Çünki İran əhalisinin mühüm qismini Azərbaycan türkləri təşkil edir. Sözsüz ki, İranın Azərbaycana qarşı təcavüzkar mövqeyinə cənublu qardaşlarımızın biganə qalacağını düşünmək sadəlövhlük olardı. İran da daxili ziddiyyətlərə yol açmamaq üçün bizi günahkar çıxarmağa çalışır. Ona görə ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistana silah-sursat göndərməsinə Cənubi Azərbaycanın necə kəskin reaksiya verdiyi gördü və müharibənin axırlarında ermənilərə yardımların onsuz da faydasız olduğunu anlayıb bu mövqeyindən geri çəkildi. Sözsüz ki, onun özünün Azərbaycana birbaşa hərbi müdaxiləsi və ya təhdidi cənublu qardaşlarımızı daha artıq qəzəbləndirə və aktiv mübarizəyə başlamasına yol aça bilər. Bu da təkcə Cənubi Azərbaycan coğrafiyası ilə qalmaz, onsuz da neçə müddətdir ki, separatizm bayrağı qaldıran Xuzistan, Belucistan və s. əyalətlərə, o cümlədən kürdlərin yaşadığı bir sıra bölgələrə sıçrayar. İran unutmamalıdır ki, onu hazırda separatizm təlatümlərindən qoruyan əsas qalxan Cənubi Azərbaycan türklərinin böyük əksəriyyətinin bu ölkəyə öz dövləti kimi baxmasıdır. Həmçinin Şimali Azərbaycan da indiyədək yaxın qonşuluq və dostluq prinsipləri xətrinə İranın bu “yumşaq qarnı”na xüsusi həssasiyyətlə yanaşır. Bizi zorla özlərinə düşmən etməsinlər.

Bəs bu qədər həssas vəziyyətdə olduğu halda İran niyə Azərbaycan, Türkiyə və Pakistanı da özünə düşmən etməkdə maraqlıdır?

İlyas İsmayılovun bu sualla əlaqədar çox maraqlı təsbitləri var. Onun fikrincə, Ayətullah Amili “şirin quyruğu ilə oynamayın” deyərkən, heç də hansısa frazeoloji söz birləşməsindən istifadə etməyib: “Həm də çox mühüm bir təsvir yaradaraq, İranı şirə, Azərbaycanın işğaldan azad edib buraxılış-nəzarət məntəqəsi qurduğu Gorus-Qafan yolunu isə onun quyruğuna bənzədib. Dolayısıyla bizi Gorus-Qafan yolunu İran maşınlarına müftə açmağa çağırır. Bu da səbəbsiz deyil. İran “Bir Yol-Bir Kəmər” layihəsi çərçivəsində Gorus-Qafan yoluna özünün Cənub-Şimal dəhlizi kimi baxır. Azərbaycanın həmin yolda öz suverenliyini təmin etməsi faktiki İranın bu dəhlizi itirməsi anlamına gəlir. Halbuki, İran eyni istiqamətli dəhlizi Azərbaycan üzərindən də aça bilər. Lakin ermənilərin bizdən daha çox iqtisadi imkanlar əldə etməsi üçün bu marşrut xəttinə üstünlük verir”.

İlyas İsmayılov İranın bir müddət əvvəl Xəzər dənizində keçirilən Türkiyə ilə Azərbaycan birgə hərbi təliminə sərt reaksiya verməsinin də onun dəhliz strategiyası ilə əlaqədar olduğunu düşünür: “İran XİN-nin sözçüsü Xətibzadə ötən həftə açıqlama verərək, Azərbaycanı 2018-ci ildə bağlanmış “Xəzərin statusu barədə Konvensiya”nı pozmaqda günahlandırmışdı. Bilirsiniz ki, Konvensiyanın 3-cü maddəsinin 6-cı bəndində xarici hərbi qüvvələrin Xəzərdə yerləşdirilməsi qadağan olunur. Halbuki, Türk hərbi donanması bu təlimlərə heç bir hərbi texnika ilə qatılmamış, sadəcə bir neçə əsgərini Azərbaycanlı qardaşlarına təlim keçməyə göndərmişdi. Bu isə Konvensiyanın müvafiq maddəsinə zidd deyil.

Maddənin müvafiq bəndlərində açıq şəkildə göstərilir:

“6) Xəzər dənizində Tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması;
 
7) Tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir Tərəfin öz ərazisini digər dövlətlərə verməməsi;”

Azərbaycanın keçirdiyi və Türkiyədən bir neçə hərbçinin təlimatçı kimi qatıldığı bu hərbi təlimin məqsədinin hansısa tərəfi təhdid etmək olmadığı şübhə doğurmur. Ən azı ona görə ki, təlimlərdə heç bir böyük gəmi iştirak etmir, sadəcə sahil təhlükəsizlik qayıqları yer alırdılar. Özü də hamısı da bizim qayıqlar. Təlimin məqsədi isə terrorçuları zərərsizləşdirmək üçün məşq etmək idi.

Ən əsası, təlimlər elə həmin Konvensiya ilə müəyyənləşdirilmiş Azərbaycanın ərazi sularında keçirilirdi. Ərazi suları isə adından da göründüyü kimi, Azərbaycanın suveren ərazilərinə aiddir. İranın və ya başqa bir dövlətin bizim ərazimizdə baş verənlərə qarışmaq haqqı yoxdur”.

Xəzərdə keçirilən təlimlərə İranın sərt reaksiyasının Şərq-Qərb dəhlizi ilə əlaqəsinə gəldikdə isə həmsöhbətimiz fikrini belə əsaslandırdı: “Məlum olduğu kimi Azərbaycanı “Bir Yol, Bir Kəmər” layihəsindən kənarda saxlamaq istəyən İran öz ərazisindən keçən məhsulların Ermənistan üzərindən Gürcüstana daşımaqda maraqlıdır. Biz də İranın bu niyyətini nəzərə alıb yeni alternativ üzərində çalışmışıq. İran üzərindən keçən xətti Türkmənistandan birbaşa Xəzərlə Ələtə daşımağa qərar vermişik. Bu istiqamətdə mühüm proyektlər həyata keçirmişik. Məhz bu zaman İranla Rusiya Xəzərin statusunu müəyyənləşdirmək fikrini ortaya atdılar və Azərbaycanla yanaşı digər sahildaş dövlətlərə öz Konvensiya layihələrini zorla qəbul etdirdilər. Halbuki, 20 il idi biz statusu müəyyənləşdirməyi tələb edirdik, həmin iki dövlət bu fikri yaxına buraxmırdılar.

2018-ci ildə imzalanan həmin Konvesiya bir çox qüsurlu yanaşmalarla doludur. Əvvəla, bu sənəddə Xəzərin dibi göl, səthi isə dəniz kimi milli sektorlara bölünüb. Konvensiyaya görə, Xəzərin yalnız 15 mili dövlətlərin ərazi suları, 10 mili isə balıqçılıq sahəsidir. Qalan hissə isə ortaq ərazi sayılır. Yəni bu məntiqə görə, bizim və Türkmənistanın öz sahillərindən yalnız 25 milə qədər istifadə etmək haqqı var. Bu da üst-üstə gələndə cəmi 50 mil edir ki, onun da 20 mili yenə mübahisəlidir. Xəzərin eni isə 500 km-ə yaxındır. Deməli, Azərbaycanla Türkmənistan və Qazaxıstan arasındakı su sahəsinin hardasa 90%-i 5 sahilyanı ölkənin ümumi nəzarətində olmalıdır. İran da, Rusiya da istədiyi zaman bu ərazilərə öz hərbi gəmilərini göndərib bizim tranzit əlaqələrimizi əngəlləyə bilər. Belə çıxır ki, sabah biz Trans-Xəzər layihəsini işə salanda da bu sürprizlə qarşılaşacağıq. İranın bu məsələdə məqsədi aydındır: “Bir Yol, Bir Kəmər” layihəsinin Orta Dəhlizinin Azərbaycandan keçməsinin qarşısını almaq. Bir atalar sözü var: “Ayının min oyunu bir armudun başındadır”. Məsəli İrandan uzaq, cənub qonşumuz da sanki hərlənib-fırlanıb ancaq Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq münasibətləri ilə oynamağa çalışır. Bizi isə “şirin quyruğu ilə oynamamağa” çağırır”.

Gununsesi.info