İmişlidə təsərrüfat malları ilə dolu olan yük avtomobili yanıb, sürücü isə tüstüdən zəhərlənib.
Gununsesi.info xəbər verir ki, yanğın hadisəsi ötən gün axşam saatlarında İmişli şəhərində qeydə alınıb. Belə ki Oğuz rayon sakini Rəşad İbrahimova məxsus “Hundai” markalı təsərrüfat malları ilə dolu yük maşını anidən tüstülənməyə başlayıb. Alov yük maşınını banını əhatə edərək güclənib.
Hadisə barədə FHN-nin İmişli yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq yük maşının ban hissəsi və içərisində olan təsərrüfat malları yanaraq yararsız hala düşüb. Yanğın zamanı sürücü maşındakı malları çıxarmaq istəyən zaman tüstüdən zəhərlənib. Hadisə yerinə gələn təcili yardımın həkimləri tərəfindən ona ilk tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Sürücü Rəşad İbrahimov yanğın zamanı ona 50-55 min manat ziyan dəydiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info