İmperiya hikkəli Rusiya mediasının Azərbaycanda geniş miqyasda yayımının qarşısı niyə alınmır? -ARAŞDIRMA

  • By admin
  • 01 Aprel 2022 11:53

Azərbaycanda peyk, İP tv və kabel televiziyaları tərəfindən müəyyən ödəniş qarşılığında xarici kanalların yayımı təşkil olunur. Bu xidmətləri bir-birindən fərqləndirən ən başlıca xüsusiyyət isə peyk və İP tv-dən fərqli olaraq kabel televiziyasında abonentlərə kanal seçimi etmək imkanının verilməməsidir. Bu xidmətdən istifadə edən vətəndaşlar yalnız şirkətlərin onlara təklif etdikləri paketlər üzrə kanalları izləyə bilərlər.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Azpolitika”nın araşdırmasında bildirilir.

Qeyd edək ki, kabel televiziyalarında yayımlanan kanalların siyahısı əvvəlcə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən təsdiqlənir. Daha sonra hazırlanan siyahı kabel televiziyalarına təqdim olunur və operatorlar bu siyahı əsasında seçim edərək, kanal paketlərini tərtib edirlər.

Hazırda Azərbaycanda xarici kanalların yayımını təşkil edən 17 belə operator fəaliyyət göstərir. Bu şirkətlər əvvəlki illərlə müqayisədə daha müasir avadanlıqlarla təchiz olunsalar da, ölkələr üzrə kanal bölgüsündə heç bir dəyişiklik etməyiblər. Və görünən odur ki, yenə də kabel televiziyaları nədənsə abonentlərini daha çox rus telekanallarını izləməyə təşviq edir. Hansı ki, bu kanallarda vaxtaşırı Azərbaycan əleyhinə təbliğat aparılır, millətimizə və dövlətimizə qarşı hədyanlar səsləndirilir. Rus kanallarının rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu açıq şəkildə erməniləri dəstəkləməklə yanaşı, Azərbaycana qarşı kin, nifrət qusurlar.

Ancaq buna baxmayaraq xarici kanalların yayımını təşkil edən şirkətlər israrla imperiya hikkəli Rusiya mediasının Azərbaycanda geniş miqyasda yayımını davam etdirirlər.

Qeyd edək ki, bazarın əsas aparıcı şirkətlərinin ölkələr üzrə kanal bölgüsünə nəzər saldıqda aydın olur ki, rus kanallarının sayı digər xarici kanallarla müqayisədə 2-3 dəfə çoxdur.

 

 

Məsələn, 2006-cı ildən fəaliyyət göstərən və böyük abunəçi kütləsinə sahib olan “Katv-1”-in standart paketinə 202 kanal daxildir. Bu kanallardan 15-i yerli, 50-si türk, 30-u Avropa və digər xarici ölkələrin, 107-si isə rus kanalıdır.

“Ailə Tv”-nin əsas paketinə isə 102 kanal daxildir. Bu kanallardan 15-i yerli, 20-si türk, 18-i Avropa və digər xarici ölkələr, 49-u isə rus telekanalıdır.

Bazara yeni daxil olan “Atv plus”-un standart kanal siyahısında ümumilikdə 102 kanalın 78-i rus kanalıdır.

Qeyd edək ki, digər operatorların menyusu da təqribən bu formadadır. Fərqli ölkələrin kifayət qədər məşhur və maraqlı kanallara sahib olduğunu nəzərə alsaq, operatorların daha çox rus kanalları üzərindən yayım aparmaları başadüşülən deyil.

Məsələn, qardaş ölkə Türkiyənin peyk vasitəsilə müxtəlif kateqoriyalar üzrə 300-dən artıq telekanalı fəaliyyət göstərsə də, ölkədəki kabel televiziyaları cəmi 15-20 türk kanalının yayımını təşkil edir.

Qeyd edək ki, kabel televiziyası şirkətlərinin rus kanallarına belə geniş yer vermələrinin səbəbini onların sahiblərinin Rusiyaya bağlı şəxslər olması ilə izah edənlər də var. Məsələn, “KaTv-1” kabel televiziyasının sahibinin Ramiz Mehdiyevə bağlı olduğu iddia edilir…

Bəs kabel televizya şirkətləri özləri seçimdə rus kanallarına üstünlük vermələrini nə ilə izah edirlər?

Bu məsələylə bağlı bir neçə kabel televizyasıyla əlaqə saxladıq və onların seçimlərinin səbəbilə maraqlandıq.

 

“Katv-1” kabel televiziyasının mətbuat katibi Pərvin Sadıqov “AzPolitika.info”-ya bildirdi ki, vətəndaşlara təqdim olunan kanal siyahısı abunəçilər arasında aparılan rəy sorğuları əsasında və şuranın tələblərinə uyğun şəkildə hazırlanır: “Zəng mərkəzinə edilən müraciətlər, sosial şəbəkə üzərindən aparılan sorğular əsasında siyahı müəyyənləşir. Kanallar vətəndaşların da istəkləri nəzərə alınmaqla hüquqi prosedura uyğun formada yayımlanır. Rus kanallarının siyahıda çoxluq təşkil etməsinə səbəb onlara təlabatın yüksək olmasıyla əlaqədardır”. 

 

“Ailə TV”-nin mətbuat katibi Sabir Məşədizadə isə bildirdi ki, əvvəlcə MTRŞ tərəfindən yayımlanması mümkün olan kanalların siyahısı operatorlara təqdim olunur: “MTRŞ-nin təqdim etdiyi siyahıda təxminən 300-400 kanal olur. Daha sonra operatorlar müəyyən edilmiş kanallar arasında seçim etməyə başlayırlar. Bu zaman təbii ki, vətəndaşların istəkləri və kanalların statistik baxış göstəriciləri də nəzərə alınır. İP tv-də elektron qaydada hansı kanalın daha çox izləndiyini müəyyən etmək olur. Kabel televiziyalarında isə bu, əsasən müştərilər arasında aparılan sorğular nəticəsində müəyyən edilir. Operatorların siyahısında rus kanallarına daha çox rast gəlməyimizə səbəb isə bu kanalların lisenziyasının nisbətən asan əldə olunmasıdır”. 

 

 

Milli Televiziya və Radio Şurasından isə “AzPolitika.info”-ya bildirildi ki, kabel və İP tv operatorlarının yayım paketlərində olan kanalları həmin operatorlar özləri seçir”Bu məsələyə şuranın müdaxilə etmək səlahiyyəti yoxdur. Şura yalnız retranslyasiya olunan kanallar ilə operatorlar arasında mövcud olan razılıq və ya müəlliflik müqavilələrini yoxlayır. Bu səbəbdən də paketdə hansı ölkənin kanalının çox və ya az olmasını operator özü abonent bazasının istəyi ilə formalaşdırır. Operatorlar Azərbaycanda fəaliyyət göstərən ümumölkə televiziya kanallarını özlərinin baza paketlərinə daxil etməyə məcburdurlar”.

MTRŞ-nin operatorlara təqdim etdiyi kanal siyahısıyla bağlı suala isə qurumdan birmənalı cavab verilmədi.

Sonda bir daha qeyd edək ki, ermənipərəst qüvvələrin təsirində olan rus mediasında mütəmadi olaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyalarının aparıldığının hər zaman şahidi oluruq. 44 günlük Vətən Müharibəsində də rus kanallarının gecə-gündüz ölkəmizə qarşı təbliğat aparmaları hamıya məlumdur. Son günlər isə Kremlin məqsədli şəkildə dövlət kanallarına çıxardığı şəxslər yenidən ölkəmizə qarşı yalanlar, təhdidlər səsləndirməyə başlayıblar. Eyni zamanda, Rusiyanın Ukraynadakı gerçəklikəri işıqlandırmağa çalışan xarici media qurumlarına tətbiq etdiyi sanksiyalar nəticəsində bir neçə Azərbaycan saytının da Rusiyaya çıxışı bloklanıb.

Hər nə qədər MTRŞ məsuliyyəti kabel televiziyası şirkətlərinin, onlarsa abonentlərin üzərinə atsalar da, ortada Azərbaycanın strateji maraqları təhlükə altına alınması faktı var. Çünki rus telekanalları əyləncə ilə yanaşı, evlərə Rusiyanın heç də Azərbaycanın və ümumilikdə sivil dünyanın maraqlarına və gələcyinə xidmət etməyən təbliğatını da soxur.

Odur ki, indiki halda şimal qonşumuzun Azərbaycana qarşı hər zaman tutduğu ədalətsiz mövqe fonunda kabel televiziyalarının siyahısının əsəsən rus mənşəli kanallardan ibarət olması qəbuledilməzdir.

Gununsesi.info