Keçmiş prezident Donald Tramp ikinci impiçment məhkəməsində şənbə günü bəraət qazandıqdan sonra onun siyasi gələcəyi qeyri-müəyyən olaraq qalır. Senatda səsvermə zamanı Trampın özünün mənsub olduğu Respublikaçılar Partiyasından yeddi senator da daxil olmaqla, 57 senator onun impiç edilməsinə səs verdi. Lakin onun impiçmenti üçün lazım olan 67 səs toplanmadı.
Tramp Co Baydenin seçkilərdə onun “qələbəsini oğurladığına” dair yanlış iddialarından hiddətlənən tərəfdarlarının yanvarın 6-da Konqresə basqın etməsindən sonra ABŞ hökumətinə qarşı zorakılığa təhrik etməkdə günahkar tanınmayıb.
Demokratlar Trampın məsuliyyət daşıdığının aşkar olduğunu bildirib. Yeddi Respublikaçı bununla razılaşıb, lakin başqaları bildirib ki, təqdim edilmiş dəlillər kifayət deyil.
Reuters və Ipsos tərəfindən keçirilən sorğu göstərir ki, ABŞ-ın yetkin yaşda olan əhalisinin 71 faizi və respublikaçıların yarısı Trampın iğtişaşlara görə qismən məsuliyyət daşıdığını düşünür.
Soruğular həmçinin respublikaçıların əksəriyyətinin hələ də Trampı dəstəklədiyini göstərir.
“Faktiki olaraq, Respublikaçıların 70 faizi Co Baydenin qanunsuz olaraq prezident seçildiyini düşünür”, Virciniya Universitetində təhlilçi Barbara Perri deyib.
Respublikaçıların liderləri bunun belə olmadığını deyir.
Lakin Perrinin fikrincə, Tramp tərəfdarları istədikləri siyasi qərarlara nail olublar.
“Onlar daha aşağı vergilər, daha az nəzarət, federal məhkəmələrdə mühafizəkarın, Ali Məhkəmədə mühafizəkarların olmasına nail olublar”, o bildirir. Onlar eyni zamanda aqressiv xarici siyasət və sərhəd məsələlərində sərt mövqe müşahidə edib.
Bu arada, Prezident Co Bayden və Konqresdəki Demokratlar qarşısında da sınaqlar durur.
“Demokratlar bizi COVID-19 pandemiyasından çıxarmalı və iqtisadiyyatı yoluna qoymalıdır. Onların kifayət qədər aydın bir işi var və partiyada ideoloji bölünmələr nə olursa olsun, bu, Respublikaçılar Partiyası ilə müqayisə oluna bilməz” – deyə, Brukinqs İnstitutunun təhlilçisi İleyn Kamark bildirib.
Tramp öz elektoratı tərəfindən sevilir, lakin bəzi respublikaçılar onu qınayır, bəziləri isə ona dözməli olur.
İleyn Kamark və onun Brukinqs İnstitutununda həmkarları Trampın gələcəyi üçün bir sıra mümkün variantları düşünür.
“Bu, Respublikaçılar Partiyasına rəhbərlik etmək və 2024-cü ildə yenidən prezident seçilməkdən başlayır və həbs olunmaq, ya da Rusiya və ya Səudiyyə Ərəbistanı kimi başqa bir yerə sürgünə getmək məcburiyyətində qalmaqda qurtarır”, o bildirib.
Konqres tərəfindən bəraət alan Tramp biznes fəaliyyətləri ilə əlaqədar olaraq bir çox prokurorun hədəfi olaraq qalır.
Gununsesi.info