İnam Kərimovun media təmsilçiləri ilə görüşünə sözardı

  • By admin
  • 25 May 2023 12:32

Azərbaycan Ali Məhkəməsinin yeni sədri İnam Kərimovun Femida Dialoq Platformasında hakimlər və KİV rəhbərləri ilk dəfə bir araya gəlib.

Ancaq  sosial şəbəkələrdə o görüşdən yayılan fotolara diqqət edəndə həmin görüşün formal xarakter daşıdığı görünür. 

Çünki, orada  öz fəaliyyətində məhkəmə-hüquq sistemi problemlərini, insan haqları mövzularını prioritet seçən media quruluşlarından kimisə  görmədik.

Təvazökarlıqdan uzaq da olsa vurğulamalıyam ki, Gununsesi.info olaraq, bizim üçün əsas prioritet məhz bu sahələrdir.

Məhz buna görə də dünyanın ən nüfuzlu təşkilatlarının insan haqları ilə bağlı tədbirlərinə Azərbaycanda dəvət alan 2-3 media orqanından  biri məhz bizik. 

Bu görüş üçün hələ 10 gün öncə Ali Məhkəmənin yeni sədri Cənab İnam Kərimova məktub da ünvanlamışdım.

Görünür, Ali Məhkəmə sədri  qaldıracağımız məsələlərə cavab verməkdə tərəddüdləri olduğu üçün bu görüşdə bəndənizin iştirakını məsləhət bilməyib.

Ancaq buna rəğmən həmin görüşdə qaldıracağım məsələ haqqında onun rəyini səbrsizliklə gözləyirəm və saytımızda yayımına böyük məmnuniyyətlə yer ayıracağıq.

Hörmətli İnam müəllimdən soruşmaq istərdim:

Avropa İnsan Hüquqları Konvensiyasını ratifkasiya edəndən sonra Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyinin tanınması haqqında ödhəlik götürüb.

Bununla bağlı Ali Məhkəmə Plenumunun xüsusi qərarı da var.

Amma buna baxmayaraq, illərdir ki, yerli məhkəmələr buna əməl etmir. Konkret olaraq, konvensiyanın 5 (Azadlıq) və 6 (Ədalətili məhkəmə araşdırması hüquq) maddələri davamlı şəkildə pozulur.  Azərbaycan dövləti isə Avropa Məhkəməsinin qərarlarına görə təzminatlar ödəyir.

Ölkənin imici ilə yanaşı, büdcəsi də zərər görür.

Qərarları dəfələrlə Avropa Məhkəməsinə ləğv olunan hakimlər isə növbəti illərdə daha yuxarı instansiyalara təyinat alır.

Sual edirəm, sizcə bu artıq həmin işlərin  sifarişli olmasından qaynaqlanmırmı? Çünki, bu işlərdə əsasəsən söhbət ictimi-siyasi fəalların həbsindən gedir.

Başqa bir ciddi problem Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlıdır.

Bununla bağlı hesabatda Azərbaycan tənqid olundu.

Məlum olub ki, ölkəmiz 250-dən artıq məhkəmə qərarını icra etməyib.

Səbəb nədir? Yaxşı olardı ki, İnam Kərimov bu haqda da danışardı.

Media üçün ciddi məsələ olan diffamasiya mövzusundan görəsən, kimsə danışdımı?

Azərbaycan beynəlxalq çağırışlara baxmayaraq, illərdir ki, Cinayət Məcəlləsindən “təhqir” və “böhtan” maddələrini çıxarmır.

İllər əvvəl bu məsələ qabardılanda Azərbaycan hökumətinin ali təmsilçiləri bildirirdi ki, bu qanunda qalsa da praktikada tətbiq olunmur.

Ancaq son 1 ildə bu ittihamlara xeyli jurnalistin və siyasi fəalların həbsinin şahidi olmuşuq.

Ona görə də bu görüşdə məhkəmə-hüquq sisteminin qeyri-adekvat münasibəti ilə üzləşən jurnalistləri də dinləmək yerinə düşərdi.

Görünür, İnam Kərimov bu problemləri dinləsə belə həll etmək üçün içində bir inamı olmayıb.

 

Pərviz Həşimli
Gununsesi.info