Türkiyənin nüfuzlu EDAM (Ekonomi ve Dış Politika Araştırma Merkezi) analitik mərkəzinin rəhbəri Sinan Ülgen bildirib ki, o, əvvəlcə diplomat, sonra isə İstanbulda mənzillənmiş liberal meylli araşdırma təsisatının rəhbəri kimi üç onillik ərzində Türkiyənin Avropa ilə münasibətlərinin yaxşılaşdırılmasına xidmət edib.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, Ülgen “Financial Times” qəzetinə “Mən illər ərzində inanmışdım ki, Türkiyə Qərb demokratiyaları arasında möhkəmlənmək üçün Avropa İttifaqının (Aİ) üzvü olmalıdır. Lakin indi etiraf etməyin vaxtıdır ki, bu cığır çıxılmaz dalana dirənib”, deyə qeyd edib.
Ülgenin fikrincə, ən böyük faciə bundadır ki, iş bu nəticəyə gəlib çıxmaya da bilərdi. Politoloq yazır ki, əlbəttə Türkiyənin Aİ üzvlüyü çox çətin bir iş olacaqdı və hər iki tərəfdəki xürafata qarşı mübarizə aparılmalıydı. Bütün bunlara baxmayaraq, Türkiyə 2005-ci ildə üzvlük danışıqlarının start xəttinə çıxa bilmişdi.
Ülgen hesab edir ki, bu, 1999-cu ildə Türkiyə siyasi partiyalarının təşəbbüsü ilə baş vermişdi və bu təşəbbüsün özü 2002-ci ildə AKP tərəfindən təzələnmişdi.
Məqalədə deyilir ki, 2005-ci ildə Türkiyənin Aİ üzvlüyünü ölkə əhalisinin 74 faizi dəstəkləyirdi.
“Bu nəhayət onu isbat etməli idi ki, İslam, demokratiya və müasirlik bir yerdə mövcud ola bilər”, deyə müəllif yazır.
Türkiyə və Aİ bununla da mədəniyyətlər toqquşmasından yazan Samuel Huntington kimi adamların nəzəriyyələrini alt-üst edəcəkdilər.
Sinan Ülgen bildirir ki, indi Türkiyənin təməl haqları pozduğuna görə namizədlik statusunun azaldılması barədə Avropa Şurasının səsverməsindən sonra Ankaranın Aİ üzvlüyü realist perspektiv deyil.
Ülgenin fikrincə, bu tarixi iflasa görə hər iki tərəf məsuliyyət daşımalıdır. Onun qənaətinə görə, ilk öncə Fransanın ovaxtkı prezidenti Nicolas Sarkozy-yə “təşəkkür” edilməlidir.
Türkiyənin Aİ üzvü olmaq arzularını ilk dəfə o bloklamışdı. Müəllifin sözlərinə görə 2007-2012-ci illər arasında Sarkozy antitürk kartından daxili siyasətdəki faydaları üçün sui-istifadə edib.
Məqalədə deyilir ki, Aİ üzvlüyünün münasibliyinə türklər arasında ilk şübhələrin yaranmasına da Sarkozy bais olub.
Ülgen yazır ki, Kiprin parçalanmış şəkildə Aİ sıralarına qəbul edilməsi də Qərbin ciddi səhvlərindən biri idi.
“Bəs indi nə olacaq?” – yazır keçmiş diplomat. Onun fikrincə bu, Türkiyənin Aİ-yə doğru 1963-cü ildən başlanan səfərinin sonudur. Politoloqun fikrincə, indi miqrant sazişinin və bunun müqabilində Türikiyəyə vizasız gediş-gəliş rejiminin verilməsi imkanı da iflas ərəfəsindədir.
“Lakin bütün bunlara baxmayaraq Türkiyə və Aİ bu və ya başqa şəkildə öz münasibətləri üçün yeni çərçivə düzəltməli olacaqlar” – yazır Ülgen.
Keçmiş Türkiyə diplomatının düşüncəsinə görə bu yeni münasibətlərdə əsas diqqət ticarətin liberallaşadırılmasına yönəlməlidir. Ülgenin fikrincə Türkiyə-Aİ Gömrük İttifaqının modernizasiya təklifi bu mənada gözəl imkandır.
Politoloqun firkincə yeni danışıqları insan haqları məsələsinə bağlamaq lazım deyil. Bunun əvəzində Aİ Türkiyədən qanunun aliliyi və bazar iqtisadiyyatı sahəsində irəliləyiş istəyə bilər.
Sinan Ülgen yazır ki, indiyədək bu səhvlərə görə Avropa son onillikdə Türkiyənin siyasi trayektoriyasına təsir gücünü itirib. Bununla da, Avropa özünü Türkiyənin qüsurlu demokratiyasının daha liberal versiyasının qurulması gələcəyində oynaya biləcəyi roldan da məhrum edib.
Keçmiş diplomat belə bir nəticəyə gəlir ki, indi Avropa Türkiyəyə təsir üçün yalnız iqtisadi alətlərə malikdir.
Gununsesi.info