“Azərbaycanda əvvəllər də, elə bu gün də dərman istehsalı fabrikləri demək olar ki, yoxdur. Biz birinci fabrikləri buraya saldıq. İki fabrikin tikintisi gedir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pirallahıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı deyib.
Prezident İlham Əliyev bildirib ki, oraya qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir: “Burada iş yerləri, yeni istehsal sahələri yaradılacaq”.
Dövlət başçısı qeyd edib ki, Pirallahı rayonunun inkişafı ilə bağlı bütün digər məsələlərə kompleks şəkildə yanaşılıb.
Onun sözlərinə görə, burada bütün infrastruktur məsələləri həll olunur. Gözəl körpü tikilib. Həmin körpünün tikilməsi də bu bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb:
“İndi Xəzər dənizinin təbii axını təmin olunub. Əvvəllər burada, dənizdə müəyyən durğunluq var idi. İndi isə bu körpünün altından dəniz suları axır, eyni zamanda, gələcəkdə gəmilərlə, yaxtalarla Bakıdan buraya gəlmək mümkün olacaq. Körpü də nəhəng bir infrastruktur layihəsidir, uzunluğu 700 metrdən çoxdur. Aeroport yolundan Pirallahıya dördzolaqlı geniş, gözəl yol salınıb. Bu da ən yüksək standartlara cavab verir. İndi bu yolla gəldim, adamın gözünü oxşayır. Əvvəlki yol nə vəziyyətdə idi, siz hamıdan yaxşı bilirsiniz.
Ona görə bu əsas infrastruktur layihələrinin icrası əlbəttə ki, yeni imkanlar yaradır. Qazlaşdırma tam təmin olunub, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün biz yeni Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Sosial infrastruktur yaradılır, 85 yerlik xəstəxana, bir neçə məktəb, istilik təchizatı, 70-dən çox yaşayış binası təmir olunub, parklar salınır, yeni müəssisələr yaradılır”.
Gununsesi.info