

“İnsanlar sosial mühitdən tam ayrıla bilmirlər, gəncikən dini baxışlarının, mənəvi baxışlarının üstündə çox əsirlər…”
Gununsesi.info millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin müsahibəsini təqdim edir:
-30 ilə yaxın ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən Tahir bəy özünün bu keçən müddət ərzində bu həyat portiretində özünü necə görür?
-Ritorik sualdır. Mənə görə Tahir Kərimli özünün nəsil-şəcərəsinə hörmət edən, milli adət-ənənələri yaşatmağa çalışan, hər şeydə ədalət axtaran, bəzən isə buna nail olmadığı üçündə ürəyi ağrıyan, vicdanını Allah hesab edən, “mən vicdan olan Allahın bəndəsiyəm” deyən, strateji baxımdan bir çox hallarda arzularına çatmayan, zamanı dəyişmək istəyən, lakin zamanın dəyişikliklərinə özü məruz qalıb uyğunlaşmağa məcbur olan, əsəblərini nə qədər qorumaq istəsə də, ən adi bir şeydən həyacanlanan bir şəxsdir. Rəhmətlik Bəxtiyar Vahabzadənin bir sözü var. “Bircə ondan razıyam ki, özümdən narazıyam”. Hər zaman özündən narazı olan, həyatda heç nəyə peşman olmayan, inandığı şəxslərdən qarşılıq görməyən, maddi-nemətlər arxasınca qaçmayan, qisməti olan maddi-nemətlərə kifayətlənən, iç mənəviyyatını maddi dünyanın tələblərinə uyğunlaşdırmaq məcburiyyətində qalan, sufi həyatı yaşamaq arzusunda olan bir şəxsdir. “Mən zamanı əymək istəyərdim, lakin zaman məni əydi” fikrini qəbul edən insandır. Karl Marks və Fredrix Engels Komunist Partiyasının Manifestində yazırdılar ki, “Dünyanın bütün filosofları dünyanı yalnız izah etmişlər, məqsəd isə onu dəyişməkdən ibarətdir”. Məndə dünyanı dəyişmək həvəsində oldum. Ömrümün çox böyük hissəsini yaşadım. Gücüm çatan qədər dünyanı yaxşılığa doğru dəyişmək istədim. İçimin müqavimətinə baxmayaraq həyata uyğunlaşmaq məcburiyyətində qalan bir adamam. “Həyat axıra kimi dərk olunmaz, təsadüf və zərurətlərin vəhdətidir, eləcədə daxili və xarici vektorlu hərəkətlərin məcmusudur.”
– Bu həyat məktəbi Tahir Kərimliyə nə öyrədib?
-Həyat mənə öyrətdi ki, insanın aruzları həyata keçməyə bilər. Yaxşı arzular bəzən utopiya olur, xəyalpərvərlik olur. Bəşəriyyətin yaxşı həyat qurması üçün Sosializim, Komunizim böyük bir eksperiment idi. Bu Paris Kommunasının, Sovet dövlətinin simasında müəyyən qədər yaşadı. Lakin eksperiment baş tutmadı, içindən və xaricdən gələn pisliklər ona üstün gəldi. Mən elə hesab edirdim ki, 25-30 ilə “Göyçək Fatma” misallı müstəqil Azərbaycan dövləti qura biləcəyik. Mənəviyyatın üstün olacağı, rüşvətsiz, mənəvi təmizliyin toplumda üstün olacağı bir cəmiyyət quracağımıza inanırdım. İstər cəmiyyətdə, istər parlament müstəvisində, istərsə də siyasi həyatda mənim mübarizəm məğlubiyyətə uğradı. Hətta öz yaxınlarım da bundan əziyyət çəkdi. Mən rüşvətdən tam imtina etdiyim üçün ailəm on illərlə əziyyət çəkdi. Cəmiyyətin arzularıma uyğunlaşdırılmasını istəyirdim. Amma, cəmiyyət tamam başqa cür oldu. İnsanlar yaşlaşdıqca, həyatın nə olduğunu bilmirlər. 20-30 il əvvəl həyatın nə olduğunu deyə bilərdim. Ancaq indi çətinlik çəkirəm.
Həyat axıra kimi dərk olunmaz, təsadüf və zərurətlərin vəhdətidir, eləcədə daxili və xarici vektorlu hərəkətlərin məcmusudur. İnsan sosial mahiyyət kəsb edir. İctimai şərait insanın mövcud həyatını müəyyən edir. İnqilabi dəyişikliklər baş verməsə, gələcək təkamül yolu ilə davam edir. Həyat biogenetik qanuna əsasən irsiyyət və dəyişkənlik qanunlarına tabedir. Sosial Konvergensiya nəzəriyyəsində deyildiyi kimi “cəmiyyət bioloji bir aqreqatdır və təbiətin bir hissəsidir”. Bir növ insanlıq qan damar sistemi, əsəb sistemi ilə təbiətin şüur müstəvisinin davamıdır. Həyat, degenerasiya, idioptasiya, aramarfozdan ibarətdir. Bu 3 komponent həyatı müəyyən edir. Yəni, gələcək nəslin xüsusiyyətlərinin, əvvəlki nəsilə və onun şüuruna nisbətən geriləməsi, yerində sayması və inkişafı. Suriya sivilizasiya mənbəyi idi, indi dağıtdılar, orda tənəzzül baş verdi. Şərqdə olan tənəzzül iç təlabatın deyil, xarici dünyanı idarə edənlərin müdaxiləsi nəticəsində baş verdi.
Həyat dərs verir ki, insanların ədalət uğrunda mübarizəsi və dövlət daxili idarəçilik bütün dünya dövlətlərində subyektiv aslılıqda olur. Dünya, dövləti idarə edənlərin nə dərəcədə humanist olmasından aslı qalır. Beləliklə, şəxsiyyətin rolu obyektiv ictimai münasibətlərin katalizatoru rolun oyanayır. Həyatın dərsi budur ki, mütləq həqiqət yoxdur. Mütləq həqiqətə çatmaq yolları xəyalpərvərlik imiş. İnsanlar 100 və 1000 illər boyu daha yaxşı həyat uğurunda mübarizə aparıb və həmişə pərişan olublar. İnsanın qəlbində yaxşı həyat uğrunda mübarizə heç zaman kəsilmir. Insan nəzərə almır ki, özündən əvvəlki nəsillər bu mübarizədə məğlub olublar. Elə hər dəfə cəhd edirlər ki, daha yaxşı həyat qursunlar. Taktiki baxımdan öz əlindədir.
-Sizcə, insanın taleyi öz əlindədirmi?
-İctimai proseslər dayanıqlı davam etməyəndə, xüsusən keçid dövrlərində insanlar cəmiyyətin ümumi ahəngindən faydalana bilmirlər. Daha çox can atrılar ki, vəzifəli, imkanlı şəxslərə yaxın olsunlar. Məsələn: vəzifəli adamla təsadüfü görüş onların həyatını dəyişir. İnsan həyatı subyektiv təzahürlərdən daha çox asılı olur. Bu suala cavab veriləndə başa düşülür ki, sən qabiliyyətinə görə, istedadına görə nəyəsə nail olmusanmı? Cəmiyyətin əksəriyyəti buna mənfi cavab verəcək. Oturuşmuş sistemdə ən çox olur bu. Görürüsən ki, bir qabiliyyətli işçidir, rəhbərlik onu qiymətləndirir irəli çəkir. Bu zaman onun istedadı və bacarığı, şəxsiyyəti rol oynayır. Çinlilər deyir ki, heç kim keçid dövründə yaşamasın. Keçid dövründə insanlar əlahiddə istiqamətdə həyatlarını qurmağa çalışırlar. Bu mənəvi kateqoriyaya da aid ola bilər. İnsanlar sosial mühitdən tam ayrıla bilmirlər. Gənc ikən dini baxışlarının, mənəvi baxışlarının üstündə çox əsirlər. 10 illərlə qoruyub saxlaya bilirlər. Lakin həyat qayğıları, ailə qayğıları zaman keçdikcə üstün gəlir və insanlar mənəviyyatdan daha çox maddi tərəfə əyilmək məcburiyyətində qalırlar. İnsanın taleyinin əlində olması sualını çox az bir qism insan müsbət cavablandırar.
Dindar insanlar qəti cavab verəcək ki, hər şey Allahın əlindədir. Eyni zamanda qeyd etməli olacaq ki, Allah insanı faili-muxtar yaradıb. Bütün cəmiyyətin qəbul etməsi kimi başa düşsək, strateji baxımdan insanın taleyi öz əlində deyil, taktiki baxımdan öz əlindədir. Tale çox amansız, qismət real olur. M. Yaqub öz şeirlərinin birində deyir ki, “eləmədiklərim yandırar məni”. T. Bəyi hansı eləmədikləri yandırır? Allah Musa müəllimin canını sağ eləsin. Musa müəllim mənim dostumdur. O, hər zaman şeirlərində fəlsəfi motivlər seçir. Məsələn: Mərd və namərdi, Tərəzininn gözünü əyənləri və s. Bu sualda da etdiklərim və etmədiklərim. Musa müəllim kimi dürüst, təbiətdə, cəmiyyətdə gözəllik aşiqi əlbətdə ki elə bir mənfi etdikləri olmayıb ondan peşman olsun. Daha çox həyatda özünü tapa bilməyənlər, yolu olmayanlar etdiklərindən peşman olurlar. Mənəviyyat sahibləri isə etmədiklərinə və ya edə bilmədiklərinə təəssüflənirlər. Çünki onlar dünyanı, həyatı daha gözəl görmək istəyirlər. Bunun üçün çabaları yetmir. Ömür bitir, həyat davam edir. Arzular tükənmir. “Bu dünyanın qara daşı göyərməz” misrasını ortaya qoyan şair əlbətdə ki, daha böyük dünya gözəlliyinin arzusuna çata bilmədiyinə görə edə bilmədikləri onu yandırır. Mən özüm hüququ dövlət qurmaq istəyində idim.
Qətiyyətlə qanunun hakim olduğu, insanlar arasında qardaşlıq, sevgi olan bir dövlət olmasına çalışdım. Amma alınmadı. Xalqımız unutqandır, qiymət qoymur, arxanca gəlmir başqa cür qiymətləndirir. Tale çox amansız, qismət real olur. Keçmişdə insanlar “Fortuna”, “time” deyirdilər, islamda “Qismət” deyirlər. İnsan öz qismətini qurmaq istəyəndə özünün qurmadığı taleyi yaşamalı olurlar. Vahid Azərbaycan, demokratiya qurmaq istəkləri, insanların fərdi arzusundan aslı olmayan, daha çox idarəedicilərin fikrindən asılı olan bir aspekt olduğundan təbii ki, mən də edə bilmədiklərim üçün üzülürəm. “Paxıllıq və tamah insan ürəyinə girmiş şirlərdir. Onu vaxtında qəfəsə salıb bağlamasan qəlbi parçalayacaq”.
– Tahir bəy bir suala da cavab verməyinizi istərdik. Nədəndir bir çox xalqlarda kollektivçilik, həmrəylik daha yüksək səviyyədə olduğu halda, bizdə bunun ksiznin şahidi oluruq. Bu bir mental xarakter kimi hopub qanımıza. Bu həta idman oyunlarında da özünün biruzə verir. Azərbaycan idmançıları fərdi idman oyun növündə fərqlənsələrdə, kollektiv oyunlarda uğur əldə edə bilmirlər. Bunun səbəbni siz necə izah edərdiniz?Sizcə bunun milli stereotiplərlə əlaqəsi varmı?
-Uzun əsrlər Rusiyada təhkimçilik hökm sürüb. Orda kollektiv şüur üstün olur. Amma Azərbaycanda fərdiyətçilik olub. Ümumiyyətlə, İslam və Türk toplumlarında fərdi özün göstərmək üstün olub. İslami cəmiyyətlərdə ayrı-ayrı fərdlərin başqasını sevməyi alturizm güclü olub. Ümumilikdə isə insanlar daha cox eqoist olublar. Paxıllıq hissi üstünlük təşkil edib. İnsanlar bir komanda olsalar belə, hər biri istəyir digəri aşağı olsun ki, o üstün olsun. Xristisanlıqda deyilir ki, sizə verilənə qane olun, sizə tapşırılanları vicdanla həyata keçirin. Onlar da verilənə qane olurlar, vicdanla iş görərlər, iş saatından artıq işləməzlər. Paxıllıq hissləri olmaz. Biz isə daima özümüzə, balalarımıza, nəvələrimizə də şərait qurmaq istəyirik. “Təki pul gəlsin” deyə 10 saatda əlavə işləyərik. Tamahgirlik, paxıllıq çox üstündür. Dünyanı idarə edənlər bundan istifadə edərək, İslam xalqları qarşısında hər cür bölücü hərəkətlər yaradırlar.
Orta əsrlərdən sonra Avropa bu hisslərdən qurtara bilib. Bizdə kollektiv şüur əmələ gəlmir. Bu bizim taleyimizdir. Hər sahədə belədir. Təkcə idmanda deyil. Filosof Ziyəddin Göyüşov deyirdi ki, “Paxıllıq və tamah insan ürəyinə girmiş şirlərdir. Onu vaxtında qəfəsə salıb bağlamasan qəlbi parçalayacaq”. Biz bəzən ən yaxşı insanlara belə paxıllıq edirik. 7 müdrükdən biri tarlada imiş, hökmdar adam göndərir ki, get ona de ki, vilayətimdə çoxlu baş qaldıranlar var, onlarla necə mübarizə aparım? Nümayəndə gəlir, görür ki, müdrik taxıl zəmisindədir. Sualını verir. Müdrük isə öz işindədir. Deyir ki, səndən söz soruşuram axı. Müdrük deyir ki, get nə görürsən onu de. Nümayəndə hökmdarın yanına qayıdır, deyir ki, müdrük cavab vermədi.
Sadəcə dedi ki, nə görürsən onu de. Hökmdar deyir nə gördün? Deyir onu gördüm ki, harda hündür sünbül var onların başın kəsir, birini dik saxlayır. Hökmdar deyir ki ən böyük sözü elə o deyib. Vilayətdə hamının başını kəs ki, özün tək uca qalasan. Çox təəssüf ki, Şərqdə belə hissiyat daha qüvvəlidir. Ən böyük əxlaq həyalı olub, cəmiyyətdə həya yaratmaqdır. Əxlaq nədir? Ərəb əsilli sözdür. Məhəmməd Peyğəmbərdən (ə.s) soruşdular ki, bütün peyğəmbərlər möcüzə göstərirlər. Bəs sənin möcüzən hanı? Cavab verir ki, mən əxlaqı tamamlamaq üçün göndərildim. O zaman, nə idi əxlaqı tamamlamaq? Kəbinsiz evlənmələrin, qız uşağlarının diri-diri torpağa basdırılmanın qarşısını almaq, insanlar arasında məhəbbət yaymaq, bütlərə inananların arasındakı savaşı bitirmək, təkallahlılığı təbliğ etmək, tövhid elmini ortaya qoymaq, insanları bihuş edici şeylərdən ayırmaq. İnsanları şəxsiyyətdən çıxaran halların, mənəviyyatsızlığın qarşısını almaqdır. İdarəçilikdə ədalətli olmaq, öz tamahın üçün başqalarının çörəyinə dəyməmək, hamını özün kimi vacib görmək, özünü yalnız başqalarını xoşbəxt olanda xoşbəxt hiss eləmək, yetimləri sevindirmək, kasıbları varlı etmək, ailəyə, övlada, qohumlara dürüst münasibət bəsləmək.
Cəmiyyətdə olan eybəcərliklərin aradan qaldırılmasını Peyğəmbər özünün missiyası hesab etdi. Həya dinin yarısıdır. Ən böyük əxlaq həyalı olub, cəmiyyətdə həya yaratmaqdır. Həya insanın bəzəyidir. Əxlaq bu gündə Avropanın maddi həyatından gələn mütərəqqi cəhətlərlə yanaşı pozulmuş mənəvi həyatının Azərbaycana daxil olmasından, mənəviyyatsızlıqdan qorunmaq vasitəsidir. Bizim əxlaqımız dinimizdən, milli kimliyimizdən gələn adət və mənəviyyatı yaşatmaq, böyüklərin öyüdlərinə qulaq asmaq qabiliyyəti, kiçikləri düzgün tərbiyyə etmək, onları pis işlərdən kənarlaşdıra bilmək qabiliyyətidir. İnsanların ağrısını öz ürəyinin süzgəcindəən keçirtmək, onların yaşadığlarını öz ürəyində yaşatmaq, bütün cəmiyyət üzvlərinin mənəvi dəyərələrə, maddi dəyərlərə eyni cür malik olmasına çalışmaq. Bunlar hamısı birlikdə əxlaqdır.
Əxlaq yalnız mənəviyyatla bağlı deyil. Maddi nemətlərin ədalətlə bölgüsü, ehtiyac və istedada uyğun halallıq, imkansızlara əl tutmaq, ehtiyacı olanların ehtiyacını ödəmək və şəxsi nümunə göstərmək və bunun üçün mübarizə aparmaq əxlaqdır. Əxlaq ictimai əhəmiyyətlidir, müasir kompüterləşmə dövründə qlobal xarakter daşıyır. Hədsiz üstün əxlaqsızlıqın intervensiyası qarşısında, dünyanın abı-havasının ekranlar vasitəsi ilə ailələrimizə təsirinin qarşısında əxlaqa riayət etmək çox çətindir. Ancaq ardıcıl mübarizəni kəsmək olmaz. Mənəvi kriteriyaya, amala sahib olan zaman əxlaqın mahiyyəti başa düşülər. Bunun üçün çalışmaq lazımdır.
Gununsesi.info