“İndi top Rusiyann meydanındadır və Kreml hərəkətə keçməlidir”- Politoloq

  • By admin
  • 28 İyun 2016 12:33

Russian and Turkish Flags

 

Bu gün Türkiyədən daha çox, Rusiya Ankara ilə münasibətlərin normallaşmasını istəyir və barışıq olacaq. Bu fikri Gununsesi.info-ya açıqlamasında politoloq Hikmət Hacızadə deyib. Onun sözlərinə görə, indi top Rusiya tərəfdədir və münasibətlərin normallaşması üçün Moskva hərəkətə keçməlidir. “Çünki Türkiyə lazımi addımları istər etik, hüquqi və hərbi cəhətdən bütün addımlar atıb. İndi Rusiya ağıl nümayiş etdirib münasibətlərin normallaşması istiqamətində addımlar atmalıdır”, – H. Hacızadə vurğulayıb.

Politoloq hesab edir ki, artıq Rusiyanın da mövqeyində yumşalmalar var: “Ruslar da barışmaq istəyir və bunun üçün yollar axtarır. Sadəcə, üzr məsələsi vəziyyəti qəlizləşdirirdi. İndi Ərdoğanın məktubundan sonra münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaq olar. Belə insidentlər ölkələr arasında olur. Ancaq belə xoşagəlməz hallara görə dövlətlər arasında münasibəti uzun müddət gərgin saxlamaq olmaz. Bu gün Rusiyanın Türkiyəyə, Türkiyənin də Rusiyaya ehtiyacı var.”

Hikmət Hacızadə ümidvar olduğunu deyib ki, qısa zamanda iki ölkə arasında münasibətlər normallaşacaq: “Rusiya Türkiyə münasibətlərinin normallaşmasının Azərbaycan üçün də vacibdir. Türkiyə Azərbaycanın müttəfiqidir. Rusiya da yaxn böyük qonşudur və ondan çox şey asılıdır, xüsusən də Qarabağ məsələsi. Odur ki, proseslər yaxşılığa doğru gedir. Ümid edirəm ki, bu münasibətlər tez bir zamanda düzələcək”.