“Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası dövlət və büdcə üçün əlavə maliyyə yükü yaradacaq. Ancaq bankın sağlamlaşdırılması da vacib amildir. Çünki Beynəlxalq Bank restrukturizasiya edilməyəcəyi təqdirdə, Azərbaycanın maliyyə və bank sektorunda ciddi problem yaranardı”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ABB-nin toksit aktivlərinin çox olması hökuməti belə bir addım atmağa vadar edib: “Çünki ABB-nin müflisləşdirilərək sağlamlaşdırılması maliyyə-bank sektorunda digər problemlərə yol açmasın deyə, yəni bankın sağlamlaşdırılmasında alternarivlər az olduğundan hökumət belə bir addım atmaq zərurəti qarşısında qalıb”.
V.Bayramov bildirib ki, yeni mərhələdə ABB-nin bütün xarici borc və öhdəlikləri dövlət tərəfindən qarşılanacaq. “Burada söhbət manata müəyyən təzyiqlərin yaradılmasından gedir. Ona görə ki, bir bank üçün bu qədər vəsaitin dövlət tərəfindən ödənilməsi əlavə maliyyə yüküdür. Ancaq başqa variant və alternativin az olduğundan belə bir addıma gedilib”- deyə, ekspert vurğulayıb.
Ekspert qeyd edib ki, Beynəlxalq Bankın sağlamlaşdırılmasında əsas məqsəd növbəti mərhələdə bankın özəlləşməyə çıxarılmasıdır. “Yəni indiki şəraitdə bankın özəlləşməyə çıxarılması qeyri mümkündür və buna gedilərsə, digər problemlərə yol aça bilər. Ona görə də bu proses ağır olsa da, çıxış yolu budur. Bank ilk olaraq sağlamlaşdırılmalı, daha sonra isə özəlləşməyə çıxarılmalıdır. Bankın fəaliyyətini sağlaşlaşdırmadan özəlləşməyə çıxarılarsa, o zaman xarici sərmayə cəlb etmək mümkün olmayacaq.
Məsələnin mənfi cəhətinə gəldikdə isə bu ancaq toksit aktivlərin həddən artıq olması ilə bağlıdır. Yəni bir bankın sağlamlaşdırılmasına dövlət tərəfindən yetərincə böyük vəsait ayrılır. Hardasa 10 milyard manata qədər… Bu da büdcə və dövlət üçün əlavə maliyyə yüküdür”- deyə, V.Bayramov bildirib.
Mürtəza
Gununsesi.info