“İndiyədək açdığımız abidə və parklar faciələrimizlə bağlı olub” – Aqil Məmmədov

  • By admin
  • 13 Aprel 2021 19:35
“Bakıda Hərbi Qənimətlər Parkının açılması Azərbaycan tarixində çox önəmli hadisələrdən biridir. Biz bundan əvvəl Qələbə ilə bağlı abidələri, parkları sovet dövründə – faşizm üzərində qələbənin şərəfinə açırdıq. Müstəqillik dövründəki abidə və parklarımız, sərgilərimiz əsasən, anım günlərinə, faciələrimizə, Xocalı soyqırımına aid olub. Bu günsə biz Vətən müharibəsində qazandığımız Zəfərin nəticəsi olaraq düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə bağlı parkı xalqımıza və dünyaya nümayiş etdiririk”.
 Gununsesi.info xəbər verir ki, bu barədə Turkustan.info saytına açıqlamasına Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Millət vəkili bildirib ki, müzəffər Ordumuzun, şəhidlərimizin, qazilərimizin Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı Zəfərimizin nəticələrini əyani şəkildə görmək hər bir azərbaycanlı üçün maraqlıdır: “Orada nümayiş etdirilən hərbi texnika 28 il bizə qarşı tuşlanıb, “keçilməz Ohanyan səddi” kimi işğalçı ölkənin istifadəsində olub:
“Hər kəsə bəllidir ki, qiyməti milyonlarla ölçülən o hərbi texnikanı ermənilər heç bir vəsait xərcləmədən əldə etmişdilər. Bu gün həmin parkdakı sərgi həm erməni hərbi arsenalının, həm də, onlara havayı silah-sursat, texnika verən hərb sənayesinin sərgisidir”.
A.Məmmədovun sözlərinə görə Hərbi Qənimətlər Parkı ermənilərə ibrət almaq üçün daha bir nümunədir: “Onlar görməlidirlər ki, heç bir tarixi və siyasi əsası olmayan “Böyük Ermənistan” xəyalı ilə yaşamaq onlara nələrə başa gəldi. Ermənistan əhalisinin rihafına xərclənməli olan vəsaitlər son 30 ildə Azərbaycan ərazilərinin işğalda saxlanımasına xərcləndi. Amma sonda heç bir faydası olmadı”.
Millət vəkili deyir ki, bu park indiki və gələcək nəsillərimiz üçün canlı tarixdir: “Biz bu parkı seyr edərkən həm son 30 ildə və daha geniş götürsək 100 ildə yaşadıqlarımızı xatırlayacağıq, eyni zamanda, ordumuzun qazandığı qələbəni dəyərləndirəcəyik”.
Gununsesi.info