İndoneziyada vulkan püskürməsi: İsti kül buludları şimala doğru irəliləyir

  • By admin
  • 05 Dekabr 2023 08:38

İndoneziyalı xilasedicilər Qərbi Sumatra əyalətinin Aqam bölgəsində Merapi dağının püskürməsi nəticəsində həlak olan 11 alpinistin cəsədini çıxarıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Qərbi Sumatra əyaləti üzrə Axtarış və Xilasetmə Xidmətinin rəhbəri Əbdül Malik məlumat verib.

Onun sözlərinə görə, azı 12 alpinist itkin düşmüş hesab olunur və onların axtarışı davam etdirilir.

Öz növbəsində Qərbi Sumatranın inzibati mərkəzi olan Padanq şəhərinin Axtarış və Xilasetmə Xidmətinin nümayəndəsi Hari Aqustian bildirib ki, dekabrın 2-də dağa qalxmağa başlayan 75 alpinistdən 52-si xilas edilib.

Onun sözlərinə görə, onlardan 8-i vulkan püskürməsi nəticəsində aldıqları yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi dünən bildirib ki, Merapi vulkanı təxminən üç kilometr yüksəkliyə kül püskürür, isti kül buludları şimala doğru irəliləyir.

Həmçinin bildirilib ki, son bir neçə həftə ərzində səlahiyyətlilər yanvar ayından aktiv olan Merapi vulkanının “davranışını” yaxından izləyiblər.

İndoneziya zəlzələlərin və vulkan püskürmələrinin tez-tez baş verdiyi “Sakit Okean Od Halqası” adlanan ərazidə yerləşir. İndoneziyada təxminən 130 aktiv vulkan var.

Gununsesi.info