
Əlavə edilmiş vaxtda iki dəfə qol buraxan “Tottenhem” səfərdə “Vulverhempton”a 2:1 hesabı ilə məğlub olub.
Gununsesi.info xəbər verir ki, “canavarlar”ın start heyətində Tommi Doyl və Saşa Kalajciçi əvəzləyən Joao Qomes və Jan-Rikner Belqard meydana çıxıb.
Zədələr və cəzalar səbəbindən “mahmızlar”da Mikki Van de Ven, Kristian Romero, Destini Udoci və Ceyms Meddison çıxış etməyiblər, onları Erik Dayer, Ben Devis, Emerson Royal və Pyer-Emil Heyberq əvəzləyib.
Hesabı açmaq üçün qonaqlara cəmi iki dəqiqədən çox vaxt lazım olub. Brennan Conson Pedro Porronun ötürməsindən sonra komandasını irəli çıxarıb.
Meydan sahibləri bir neçə qeyri-dəqiq zərbə ilə cavab versələr də, lakin ümumilikdə nə oyuna nəzarət ediblər, nə də topu özündə saxlayıblar.
Bununla belə, tədricən “Vulverhempton” təzyiqi artırmağa başlayıb və 33-cü dəqiqədə ilk dəfə qapı çərçivəsinə zərbə endirib. Qapıçı Qulyelmo Vikarionu iti bucaqdan zərbə ilə yoxlayan Mario Lemina olub.
“Canavarlar” “Tottenhem”in yetərincə passiv görünməsinə baxmayaraq, fasiləyə qədər qonaqları məyus edə bilməyiblər.
İkinci hissədə meydan sahibləri təşəbbüsü tamamilə ələ keçirsələr də, onların hücumları kəsəri olmurdu. Qonaqlar yalnız əks-hücumlarla cavab versələr də, daha məhsuldar görünürdülər.
Bununla belə, “Vulverhempton” oyunun əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə ehtiyat oyunçu Pablo Sarabiyanın sayəsində hesabı bərabərləşdirib.
Lakin bu, son deyildi. Əsas vaxtın yeddinci dəqiqəsində Sarabiyanın əla ötürməsindən sonra Lemina oyunda son nöqtəni qoyub – 2:1.
Beləliklə, 12 oyundan sonra London təmsilçisi hələlik ikinci pillədəki yerini qoruyur. “Mahmızlar”ın aktivində 26 xal var. Onun ən yaxın təqibçiləri “Liverpul” (24 xal) və “Arsenal”dır (24). Hər ikisinin ehtiyatında 1 oyun var. “Vulverhempton” isə 11-ci pilləyə yüksəlib. Komandanın aktivində 15 xal var.
Turnir cədvəlinə isə “Mançester Siti” başçılıq edir. Qvardiolanın yetirmələri 11 oyuna 27 xal toplaya biliblər.
Gununsesi.info