İngiltərədə norovirus hadisələri yüzdə 80 artıb - Xəstəxana sıxlığı rekord səviyyədədir

İngiltərədə səhiyyə sistemi böyük böhranla mübarizə aparır.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, xalq arasında “qış ishali” kimi tanınan norovirus hadisələrinin 80 faiz artması səhiyyə sistemini gərginləşdirir.

Xəstəxanalardakı çarpayı doluluq nisbəti yüzdə 96-ya yüksələrkən, bu vəziyyətin xəstəxanalar üzərində təzyiqi artırdığı bildirildi.

Britaniya Milli Səhiyyə Sisteminin (NHS) verdiyi açıqlamaya görə, yanvarın 19-da bitən həftə ərzində hər gün orta hesabla 784 nəfər norovirus səbəbiylə xəstəxanaya yerləşdirilib. Xəstələrin sayı əvvəlki həftə ilə müqayisədə artıb, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə demək olar ki, iki dəfə artıb. NHS məlumatları 2020-ci ildən bəri hər hansı yanvar ayı üçün qeydə alınan ən yüksək səviyyəni göstərdi.

Qeyd olunub ki, norovirusa yoluxma halları ötən illə müqayisədə 80 faiz artıb və bu, xəstəxanalara təzyiqi artırıb.

Qrip hallarının pik həddə çatdıqdan sonra azaldığı bildirilsə də, gündə orta hesabla 3 min 833 xəstə qrip səbəbiylə xəstəxanaya müraciət edib. Onlardan 176-nın reanimasiyada olduğu qeyd edilib. Bundan əlavə, COVID-19 səbəbiylə hər gün orta hesabla 1071 xəstə xəstəxanaya yerləşdirilib.

NHS məlumatları xəstəxanalardakı böyüklər çarpayılarının 96 faizinin işğal edildiyini ortaya qoydu. Ötən həftə bu çarpayıların təxminən 13 710-u xəstəxanaya yerləşdirilməsinə ehtiyacı olmayan və evə buraxıla bilən xəstələr tərəfindən istifadə edilib. Bu rəqəmin əvvəlki həftə ilə müqayisədə 125 nəfər çox olduğu qeyd edilib.

Bununla belə, təcili yardımın gözləmə müddətlərinin azalmağa davam etdiyi bildirilib.

Payızdan indiyədək 29 milyondan çox qrip, COVID-19 və Respirator Sinsitial Virus (RSV) peyvəndi aparıldığı bildirilsə də, tələblərə cavab verən insanların hələ də COVID-19 peyvəndi ala biləcəyi bildirilib.

Norovirusun asanlıqla yayıla biləcəyini bildirən mütəxəssislər virusdan qorunmağın ən təsirli yolunun əlləri tez-tez sabun və su ilə yumaq olduğunu qeyd ediblər.

Orxan Saffari

Gununsesi.info