
Böyük Britaniyada uşaqlara qarşı zorakılıq şəkillərinin hazırlanması üçün istifadə edilən “süni intellekt alətləri”ni qadağan edən yeni qanun qəbul edilib. Bu tənzimləmə ilə belə məzmun yaratmağa imkan verən süni intellekt vasitələrindən istifadə edənlərə həbs cəzası veriləcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilərə görə, süni intellekt alətləri uşaqların həqiqi şəkillərini ehtiva etməyən, lakin təhqiramiz olan saxta şəkillər yaratmağı asanlaşdırır.
Bu, cinayətkarların izlərini gizlətməyi asanlaşdırır və qeyri-qanuni məzmunun yayılmasını artırır. Açıqlamaya görə, uşaqlara qarşı cinsi istismar materialları istehsal edən , material hazırlayan və yayan süni intellekt vasitələrinə sahib olanlar 5 ilə qədər həbs cəzası alacaqlar.
Uşaq istismarı məzmunlu saytlar yaradan və idarə edənlər 10 ilə qədər həbs cəzası alacaqlar.
Açıqlamada uşaqlara qarşı cinsi istismar materiallarının yer aldığı “qaranlıq internet saytları”na qarşı atılan addımlar barədə məlumat paylaşılıb. Buna uyğun olaraq, ötən il uşaq istismarı məzmunlu saytlarda 30 gündə 3512 məzmunun paylaşıldığı və bunun 2023-cü ilə nisbətən 10 faiz artım göstərdiyi qeyd edilib.
İnternet İzləmə Vəqfi (IWF) 2023-2024-cü illər arasında süni intellekt alətlərindən istifadə edilməklə hazırlanan uşaq istismarı materiallarının 380% artdığını vurğuladı və bu məzmunda reallıq qavrayışının da yüksək olduğunu bildirdi.
Orxan Saffari