İngiltərədə xarici dövlətlərin media almasını qadağan etmə PLANI

  • By admin
  • 14 Mart 2024 12:41

Britaniya xarici dövlətlərə ölkədə mətbuat orqanı almağı qadağan etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, Britaniya hökuməti xarici hökumətlərin Böyük Britaniyada qəzet və xəbər jurnalları almasına qadağa qoyulacağını açıqlayıb.

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi “RedBird IMI” investisiya şirkəti “Telegraph” qəzetini və həftəlik “Spectator” jurnalını almaq istədiyini açıqlayıb.

BBC-nin məlumatına görə, hökumət bu istiqamətdə qəbul ediləcək qanunun “mətbuat azadlığının qorunması üçün əlavə addım olacağını” bildirib. Ana müxalifət olan Leyboristlər Partiyası da hökumətin bu addımını dəstəkləyəcəyini açıqlayıb.

Qanun layihəsinə əlavə edilməsi planlaşdırılan maddəyə görə, əcnəbilərin qəzet və ya xəbər jurnalı alması gündəmə gəldiyində, ölkədəki rəqabət orqanı bunu araşdıracaq və satış nəticəsində xəbər qurumunun xarici dövlətin nəzarətinə keçmə ehtimalının olub-olmadığını araşdıracaq.

Bu məqsədlə hökumət hazırda parlamentdə müzakirə olunan “Rəqəmsal bazarlar, rəqabət və istehlakçılar haqqında” qanuna maddə əlavə edəcək.

Hökumət bu fikirdədir ki, sözügedən qanun tez qəbul olunarsa, bu alışın da qarşısını almaq olar. Satış təşəbbüsünü tənqid edən “Spectator”un idarə heyətinin sədri Endryu Nil hökumətin bu addımından sonra satış imkanının olmadığını deyib.

“RedBird IMI” sözçüsü bu prosesin “çox məyusedici” olduğunu söyləyib.

“RedBird IMI”nin 75 faizi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş nazirin müavini Şeyx Mənsura məxsusdur və o, həm də “Mançester Siti” klubunun sahibidir.

 

Gununsesi.info