
Britaniya Priqojinin rəhbərliyi ilə Rusiyada dövlət çevrilişinə cəhd edən “Vaqner” qrupunu rəsmən terror təşkilatları siyahısına daxil edib.
Gununsesi.info xəbər verir ki, Böyük Britaniya hökuməti Rusiyanın keçmiş muzdlu qruplaşması “Vaqner”i terror təşkilatı elan edib.
İngiltərə Daxili İşlər Nazirliyindən verilən açıqlamada “Vaqner”in İngiltərə qanunlarına görə “qadağan edilmiş terror qrupları və ya təşkilatlar” siyahısına daxil edildiyi bildirilib.
Belə ki, 2000-ci il Terror Aktı çərçivəsində “Vaqner” tərəfdarlarına 14 ilə qədər həbs, əmlaklarının dondurulması və ya müsadirə edilməsi kimi tədbirlər görülə bilər.
Qərarla “Vaqner” və onun görüşlərinə qatılmaq və onlara dəstək olmaq, ictimai yerlərdə “Vaqner”i təmsil edən gerb, loqo və bayraqları daşımaq da cinayət sayılacaq.
Nazirlikdən sentyabrın 6-da verilən açıqlamada bildirilib ki, “Vaqner” qrupunun sentyabrın 13-dən etibarən qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsi üçün parlamentə qadağa sərəncamı layihəsi təqdim edilib.
Açıqlamada “Vaqner”in qadağan olunmuş terror təşkilatı elan edilməsi qərarının səbəbi qrupun fəaliyyət dairəsi, xaricdəki Britaniya vətəndaşlarını təhdid etməsi və qlobal miqyasda terrorla mübarizəyə dəstək məqsədi kimi göstərilib.
Səid Əhmədli
Gununsesi.info