İnnovativ müalicə: İspaniyadakı xəstəxana yaraları süni dəri ilə sağaldır

  • By Günel
  • 05 Avqust 2024 16:30
Sevilyadakı Virgen del Rocio Xəstəxanası İspaniyada ağır yanıqlarda yaraların sürətli və effektiv sağalması üçün süni insan dərisindən istifadə edən ilk xəstəxana oldu.

İspaniyanın cənubundakı Algecirasda yaşayan Fran Fernandezin dərisinin 75 faizi yandıqdan sonra həyatı tamamilə dəyişib.

Partlayış nəticəsində keçirdiyi qəzadan sonra xəstəxanaya çatanda ona maksimum 48 saat yaşamaq vaxtı verilmişdi. Amma bu gün o, həm öz dərisindən, həm də süni dəridən edilən əməliyyat və transplantasiya sayəsində sağalıb.

İspaniya Milli Dərman Agentliyi, Sevilyadakı Virgen del Rocio Xəstəxanasında həyata keçirilən müalicə üçün süni insan dərisindən istifadəyə icazə verdi. Xəstəxana İspaniyada “toxuma mühəndisliyi ilə əldə edilən insan dərisi” adlanan bu qabaqcıl müalicəni yanıq bölməsində tətbiq edən ilk müəssisə oldu.

Image

 

Dəri transplantasiyasının tətbiqi ilə məşğul olan xəstəxananın cərrahlarından biri David Rodriguez transplantasiyanın müalicə prosesini sürətləndirəcəyinə və dərinin olmadığı yerlərdə infeksiya riskini minimuma endirəcəyinə inanır.

Müalicənin digər faydalarının olduğunu vurğulayan həkim bildirib ki, “Süni dəri hər bir xəstənin spesifik ehtiyaclarına uyğunlaşdırılaraq uyğunluğu və inteqrasiyanı artırır. Bu irəliləyiş, həm də əlavə transplantasiyaya ehtiyacı azaldır və sağalma müddətini tezləşdirməklə, xəstələrin həyat keyfiyyətini yaxşılaşdırır”.

Süni dəri Granada Universitetinin Toxuma Mühəndisliyi Qrupundan professor Antonio Camposun illər boyu apardığı araşdırmalar nəticəsində Virgen de las Nieves Universiteti Xəstəxanasının Hüceyrə istehsalı və toxuma mühəndisliyi bölməsində istehsal edilib.

Bu günə qədər xəstəxana Virgen del Rocio Xəstəxanası tərəfindən göndərilən nümunələrdən 12 kvadratmetrdən çox süni insan dərisi hazırlayıb və onu müalicə olunan 18 xəstəyə uğurla yanıq şöbəsinə köçürüb.

 

Bu müalicə üçün ən uyğun xəstələr aktiv infeksiyası olmayan, böyüklərdə bədən səthinin 60-90 faizi, uşaqlarda isə 30 faizdən çox yanıqları olan xəstələrdir.

Günel Həsənova

Gununsesi.info