İnşaat işləri görülərkən abidə aşkar edilərsə…

  • By admin
  • 18 Yanvar 2017 15:25

millimeclis-2015_40

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun dəyişdirilir .

Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqat aparılacaq.

Gununsesi.info xəbər verir ki, bu məsələ Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin Mədəniyyət Komitəsinin yanvarın 18-də keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa dəyişiklik edilməsi zamanı müzakirə edilib.

Adıçəkilən qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi barədə komitə sədri, akademik Rafael Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qanuna təklif olunan dəyişikliyə əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Dəyişiklik layihəsinə əsasən isə, müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsi yaz sessiyasının gündəliyinə və plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info