İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib 

  • By admin
  • 06 İyun 2017 10:52

1

Bakı şəhəri Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş mültikulturalizm dəyərlərinin təbliği” mövzusunda tədbir keçirilib.

Məktəb rəhbərliyinin, müəllim, şagird və valideynlərin, habelə QHT nümayəndələrinin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Müqalib Mahmudov və Murad Babayev iştirak ediblər.

Ombudsmanın nümayəndələri çıxış edərək tədbir iştirakçılarını Müvəkkil Elmira Süleymanovanın adından salamlayıb, qarşıdan gələn 15 iyun – Milli Qurtuluş Günü və 18 iyun – İnsan Hüquqları Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.  Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini və Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun tarixinin ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildiriblər.

Bununla əlaqədar Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları, habelə təhsil, səhiyyə və digər dövlət qurumları, QHT və KİV-lər, icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlərin və müzakirələrin təşkil olunduğu vurğulanıb.

Müvəkkil tərəfindən elan olunan Aylıqla əlaqədar Təhsil Nazirliyi və ölkəmizin ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri tərəfindən də insan hüquqları sahəsində müxtəlif aktual mövzulara həsr olunmuş tədbirlərin təşkil edildiyi, əhalinin müxtəlif qrupları arasında hüquqi maarifləndirmə və təbliğat işlərinin aparıldığı, bununla bağlı məlumatların Ombudsmana təqdim edildiyi diqqətə çatdırılıb.

Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, ölkə Prezidentinin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaılaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışılmış, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlərin görüldüyü haqqında məlumat verilib.

Ombudsmanın digər hüquqlarla yanaşı, uşaq hüquqları sahəsində çoxşaxəli fəaliyyəti qeyd olunaraq, onun təşəbbüsü və Təhsil Nazirliyi ilə razılaşma əsasında paytaxt Bakıda və respublikanın regionlarında şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədris proqramının uğurla həyata keçirildiyi, bundan əlavə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbinin fəaliyyəti, oradakı uşaqların vətənpərvərlik ruhunda tərbiyə almaları, uşaq hüquqları ilə bağlı tədbirlərin təşkil olunduğu bildirilib.

Məktəb rəhbərliyi və  digər tədbir iştirakçıları insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsindəki səmərəli fəaliyyətinə görə Ombudsmana təşəkkürlərini bildirmişlər.

Gülnaz Qənbərli

Gununsesi.info