İnsan Hüquqları Üzrə Birgə İşçi Qrupu yenidən təşkil etmək mümkündür - ƏLİMƏMMƏD NURİYEV

  • By admin
  • 25 Yanvar 2024 10:15

“Müxtəlif beynəlxalq dairələrin Azərbaycanda insan hüquları ilə bağlı bəyanatları, bizə qarşı başladılan kampaniya heç də həmin dairələrin burada insan hüquqlarına görə narahatçılığından irəli gəlmir. Bu məsələlərdən  ölkəmizə qarşı alət kimi istifadə olunur. 

Azərbaycanda bəzi məmurlar tərəfindən ayrı-ayrı şəxslərin hüquqlarının pozulması barədə Ombudsmanın çıxış və hesabatlarında,  vəkillərin və hüquq  müdafiəçilərinin çıxışlarında fikirlər səsləndirilir. Bildirim ki, bir neçə il əvvəl İnsan Hüquqları Üzrə yaradılmış Birgə Qrupunun fəaliyyəti nəticəsində bir sıra məhbuslar azadlığa buraxıldı. Hətta onlar arasında bəraət alanlar da oldu”.

Bunu Gununsesi.info-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun Prezidenti, DİN-nin Yanında İctimai Şuranın sədri  Əliməmməd Nuriyev Azərbaycanca  insan hüquqlarının durumu ilə bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.

Nuriyevin sözlərinə görə, bir neçə il əvvəl ciddi uğurlara nail olan İnsan Hüquqları Üzrə Birgə İşçi Qrupun yenidən, yaxud da başqa bir formatda  təşkili sayəsində şikayətləri araşdırmaq mümkündür: “Hesab edirəm ki, heç bir xarici müdaxilə olmadan Azərbaycanın özü daxilində bəzi məsələləri həll etmək mümkündür. Bunun üçün ən uğurlu variant  İnsan Hüquqları Üzrə Birgə İşçi Qrupun fəaliyyətidir”. 

 

Qeyd edək ki, Gununsesi.infonun baş redaktoru, insan haqları fəalı Pərviz Həşimi İnsan Hüquqları Üzrə Birgə İşçi Qrupun yenidən yaradılması təşəbbüsü ilə çıxış edib.

 

Afət Abbasova

Gununsesi.info