“Hər dövrün bir tələbatı var. Mən klassik ifada qalmışam, şouya girməmişəm. Biznesdə varam, amma şouda yoxam. Mənim sənətim şouluq deyil. Müəyyən insanlar var ki, sazın başına oyun açırlar. Onlara nə deyim ki? İnsan öz əqidəsini pula satmaz”.
Gununsesi.org axşam.az-a istinadən xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “Fatehin divanı” proqramında Aşıq Əli “Aşıqları şou-men edən nə oldu?” sualına cavab verərkən söyləyib.
O, bir zamanlar aşıqların üstünlük verdiyi forma barədə isə bunları deyib:
“Əvvəl aşıq geyimi varlı insanların libası ilə eyni olub. Sonra onu milliləşdiriblər. O vaxtlar bu geyimi Stalin, bəylər, xanlar belə geyinirmiş. Amma mən 2006-cı ildən sonra geyinmədim”.
Sənətçi aşıq olmasının səbəbinin keçirdiyi ürək əməliyyatı olduğunu bildirib:
“Əslində, uşaq vaxtı ürək əməliyyatı keçirmişəm. Həkimlərin dediyinə görə, 17 yaşımda həyatda olmalı deyildim. Valideynlərim düşünüb ki, həyatda bir yer tutum. Mənə ağır iş olmaz idi. Amma ən ağır qoyublar. Məsuliyyətli sənətdir. Təmas, dastanlar biləsən, meydanlar görəsən”.