
Elm adamları Cənubi Afrikada tapılan 1,4 milyon illik çənə qalığının daha əvvəl naməlum olan “Şelkunçik adam” adlı yeni insan növünə aid olduğunu müəyyən ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1949-cu ildə Cənubi Afrikadakı Svartkrans mağarasında arxeoloqlar tərəfindən aşkar edilən 1,4 milyon illik çənə fosili elm aləmində böyük müzakirələrə səbəb olub. Uzun müddət bu fosilin Homo ergaster növünə aid olduğu düşünülürdü. Ancaq yeni araşdırmalar fosilin əslində fərqli bir növə aid olduğunu ortaya çıxardı.
Ən son rentgen taramaları və virtual 3D modelləşdirmə texnikaları sayəsində fosilin daxili quruluşu daha ətraflı şəkildə araşdırıldı. Bu yeni analizlər fosilin Homo ergaster növünə deyil, Paranthropus cinsinin yeni bir növünə aid olduğunu ortaya qoydu.
Aşkar edilmiş fosilə iri dişləri və iri azı dişlərinə görə “Şelkunçik adam” adı verilib. Tədqiqatçılar bu fosilin Paranthropus capensis adlı yeni bir növü təmsil etdiyini açıqladılar. Digər Parantrop növlərindən (P. aethiopicus, P. boisei, P. robustus) fərqli xüsusiyyətlərə malik olduğu bildirilən fosilin diş quruluşu yeni növlərin müəyyən edilməsini mümkün etmişdir.
Yeni təhlillərə görə, Paranthropus capensis növü təxminən 2 milyon il əvvəl Paranthropus robustusdan ayrılıb. Bu, hər iki növün eyni dövrdə Cənubi Afrikada bir yerdə yaşamış və fərqli qidalanma vərdişlərinə malik ola biləcəyini göstərir.
Elm adamları Paranthropus capensis növlərinin daha çox fosil nümunələrini tapmaq üçün mövcud fosil kolleksiyalarını nəzərdən keçirmək istəyirlər. Xüsusilə Svartkranlardan əldə edilən fosillər arasında bu növün daha çox nümunəsinin olduğu düşünülür.
Orxan Saffari