İnsanlar İran ayətullalarına yox, öz ayətullahına inanırdı - Yaxud, dinimizi Hacı Şahin kimi sevdirək

  • By admin
  • 08 İyul 2024 08:37

Bu gün Məhərrəmlik ayının ikinci günüdür.

Məhərrəmlik ayının ilk günü  həm də həmişə xatırlanacaq və öyrəniləcək bir şəxsin məşhur azərbaycanlı ilahiyyatçı, QMİ-nin Qazilər şurasının üzvü Hacı Şahinin doğum gününə təsadüf etdi.

1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gələn Hacı Şahinin atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Yasamaldakı məşhur “müəllimlər binası” onun ailəsinin yaşadığı yer olub.

Hacı Şahin ən çox sevilən dini şəxslərdən biridir.

İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirən, həyata pozitivliyi ilə seçilən Hacı Şahin, böyükdən kiçiyə hər kəsin hörmətlə yanaşdığı, sevdiyi mükəmməl bir insan, vətənpərvər, vicdanlı, nurlu, imanlı və bütün bunlarla yanaşı savadlı alim, gözəl dost olub.

 

Zəngin mənəviyyatı, xeyirxahlığı ilə seçilən Hacı Şahin haqqında keçmiş zamanda danışmaq nə qədər çətindir…

Haqqında bəzi maraqlı faktlar. Bakıda anadan olub. 12 yaşında atasını itirib. KVN-nin üzvü olub. İlkin gənclik illərində ölkədə sovet hakimiyyətinə qarşı başlanan xalq hərəkatına qoşulub, mitinqlərə qatılıb.

Bu il martın 2-də qəfildən vəfat edib. Ölümü haqda müxtəlif fikirlər var. Hətda MM-də müzakirələr zamanı onun ölümü müəmmalı sayılıb.

Xatırladım ki, Hacı Şahin son zamanlar Azərbaycan və İran arasında gərginləşən siyasi proseslər zamanı da açıqlamaları ilə diqqət çəkirdi. O, bu mövzuda son olaraq Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləmiş, İranın buna görə məsuliyyət daşıdığını demiş, “Xarici ölkələrdəki səfirliklər Azərbaycan ərazisidir və insan vətən uğrunda canını fəda edirsə, şəhiddir” açıqlaması ilə yadda qalmışdı.

Özü isə ölüm haqda belə deyirdi: “Ölümdən qorxmuram desəm böyük bir iddia olar. Ancaq onu deyim ki, ölümdən qorxmaq lazım deyil. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinib qorxur. Ölümü heç kimə zəng vurub başa salmırlar, demirlər. Dünyadan kimsə köçəndə geri qayıtmır. Ancaq ölüm son deyil. İnsan ölümün əbədiyyətə körpü olduğunu bilməlidir. Belə olsa, adam ölümdən qorxmaz. Ölümü acılaşdıran bizim əməllərimizdir. İnsanlar arasında yayılan ölüm qorxusu, düzgün deyil. İnsanlar ölümü tanısalar və ona hazır olsalar, ondan qorxmazlar”.

Hacı Şahini xalq arasında sevdirən həm də onun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanları hər zaman uca tutması, şəhidliyin necə böyük bir zirvə olmasını insanlara aşlaması idi.

O, Azərbaycanın milli ayətullahı idi.

 

Hacı Şahin hər zaman deyərdi ki, məhərrəmlik ayında şəhidlərin anılması vacibdir.

“Məhərrəmlik xalqımızın ruhundan hazırkı dövrümüzə qədər süzülərək-gəlib. Yəni xalqımız hər zaman İslam Peyğəmbərinin əziz nəvəsi, İmam Hüseyn (ə) məktəbinin dəyərlərini çox əzəmətli şəkildə qeyd edir. İmam Hüseyn (ə) dünyanın ən şirin sətirlərini öz qanı ilə yazmışdır. Bu gün biz öz şəhidlərimizi dərindən anırıqsa, həmin anımın bir tərəfi əqidə yolunda canlarını fəda etmiş müqəddəs imamlarımızın adı ilə bağlıdır” deyən Hacı Şahinin bu sözləri artıq xalqımız arasında aforizmə çevrilib.

 

Hacı Şahin çıxışlarında ifrata varmağın,  zəncir vurmağın da əleyhinə çıxırdı.

Məsələn, o deyirdi:

Əza məclislərində ifrata varmağa, qəmə vurmağa və s. – şəriətimiz bunu qəbul etmir. Xalqımızın əzəldən yas ənənəsi olub – mərsiyə deyib sinə vurmaq. Biz də bu ənənəyə uyğun İmam Hüseynə (ə) əza saxlamalıyıq.

 

Sevdiyi Tanrısı onu yanına tez apardı.

O, hər zaman dinimizi  olduğu kimi, ifrata varmadan insanlara çatdırırdı.

Bugün Hacı Şahin Həsənli aramızda olmasa da onun məktəbini seçən tələbləri onun yolunu adına layiq davam etdirir.

İnanaq ki, Hacı Şahindən dərs alan yeni nəsil arasında  İslam dinini təbliğ edən milli ayətullahlarımız yetişəcək.

 

 

Afət Abbasova

Gununsesi.info