İnsanlar niyə aqressivləşir? -Sosioloqdan açıqlama

Bu gün cəmiyyətimizdə yetərincə aqressiv adamlar var. Ətrafımızdakı insanların gün keçdikcə daha da əsəbi, hirsli olması günümüzün danılmaz faktıdır. Bu aqressiyanın cəmiyyətdə müşahidə olunmasına bir neçə səbəb göstərmək olar.

Mütəxəssislərin fikrincə, insanın daxilində müəyyən tələbatlar ödənmədiyi üçün onlar cəmiyyət arasına çıxdıqları vaxt hər xırda məsələdən qıcıqlana bilər və bu da aqressiv davranışa gətirib çıxarır.

Gununsesi.info-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyir ki, Azərbaycanda sosial sahəyə lazım olan diqqət göstərilmir:

“Biz Azərbaycanda elə bir şərait yaratmağa çalışmalıyıq ki, istənilən əhalənin hər birinin fiziki sağlamlığının normal inkişafına, mənəvi zənginliyinin normal formalaşmasına kömək edək. Bu, çox önəmlidir. Bu sahədə hər kəsin özünü reallaşdırmağa ehtiyacı var. Gəlin, istənilən bir körpə uşağa diqqət edək. O uşaq evdə özünü reallaşdırmayanda, özünü təqdim eləyə bilməyəndə, ona qarşı diqqət göstərilməyəndə qışqırır, əsəbləşir. İnsanın maddi durumu nə qədər də yüksək olsa, o özünü reallaşdıra bilmirsə əsəbləşir. Bu məsələ çox ciddi məsələdir, amma təəssüf ki, lazımı diqqət verilmir. Adiyyatı qurumlar, eyni zamanda Prezident aparatının Humanitar Siyasət Şöbəsi buna ciddi şəkildə diqqət yetirməlidir. Çalışmaq lazımdır ki,  özünü reallaşdırmaq, təqdim etmək imkanları olsun. Düzdür, müxtəlif tarixi şəraitdə özünü reallaşdırmaq təlabatı fərqli ola bilər, ancaq dediyim kimi elə etmək lazımdır ki, insanların həm fiziki sağlamlığı, həm də mənəvi zənginliyi qaydasında olsun. Təbii ki, təhsil, elm, mədəniyyət də hamısı bura daxildir”.

Sosioloq vurğulayır ki, bu sahədə də müəyyən işlər görülməlidir və nəticədə insanların hamısının bir iş yeri olmalıdır ki, özünü reallaşdırmaq imkanı olsun:

“İnsanlar öz qabiliyyətlərinə uyğun olaraq iş ilə təmin olunmalıdırlar. Çünki hər kəsin arzuları, fikri, istəkləri var. İnsan ögey münasibət qarşılığında daha çox əsəbi, aqressiv olur. Ona görə də bu istiqamətlə çox iş görmək olar, çətin məsələ deyil. Əgər hansısa bir dövlət strukturu burada çətinlik çəkirsə, mən bir mütəxəssüs olaraq, təbii ki, öz köməkliyimi təklif edə bilərəm.

Bu gün Azərbaycanda insanların hər birinin maraqlı işlərlə təmin olunması üçün böyük potensiallar var. Əvvəla, biz elə bir şərait yaratmalıyıq ki, kənd cəmatı şəhərə axışmasın. Kəndin özündə çox böyük potensial var. O potensialı hərəkətə gətirmək mexanizmində hansısa dövlət strukturu istəyirsə, onları da istiqamətləndirə bilərəm. Bunun üçün layihə də hazırlamışam. Kəndlərdə gözəl torpaqlarımız, işçi qüvvələrimiz də var. Çox gözəl iş yerləri açmaq olar. Çalışmalıyıq ki, əhalinin özündə biznes təfəkkürü inkişaf etsin. Yəni, əhali oturub gözləməməlidir ki, kimsə gətirib ona bir tikə çörək verəcək. İş düşünmək, təşəbbüskar olmaq lazımdır. Təbii ki, təşəbbüskar olmaq üçün də insan nə isə bacarmalıdır. Təəssüf ki, bu istiqamətlə iş gətmir”.

Ə.Qəşəmoğlu onu da qeyd edir ki, ölkəmizdə sosial məsələlərlə bağlı çox ciddi dövlət proqramlarına ehtiyacımız var.

“Bu yaxınlarda Milli Məclisə, Prezident aparatına, eyni zamanda, digər uyğun strukturlara da öz təkliflərimi yazacam. Bu işləri görmək heç böyük bir xərc də tələb etmir. İnsanların özündə əgər o təşəbbüskarlıq, biznes, təfəkkür inkişaf etsə, 3 bacarıqlı adam qabağa düşəcək, ətrafına da 30 adam yığacaq, yeni bir iş yer olacaq, həvəslə işləyəcəklər. Bu işləri təşkil etmək sahəsində işlər görmək lazımdır, xüsusi dövlət proqramları hazırlanmaq lazımdır. Bunlar hamısı mümkün işlərdir. Görünür, məmurlar necə etməli olduğunu bilmirlər”– deyə sosioloq fikirlərini yekunlaşdırıb.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info