İnsanlıq öldü, Zəhralar ölməsin! - TÜRKAN TURAN YAZIR

  • By admin
  • 05 İyul 2017 16:12

19849144_1777087695639900_14148425_n

Geyimlərində çiyələk, dondurma deyil, qan ləkəsi olur. Əl boyda maykaları, köynəkləri qandan təmizlənmək üçün yuyulur. Müharibənin uşaqlarını deyirəm, belə böyüyürlər. Hə, müharibənin uşaqlarıdır, qosqoca müharibənin. Onlarla gələcəkləri, arzuları, ümidləri ilə istədiyi kimi davranır. Buna nə ana, nə ata, nə dövlət müdaxilə edə bilir. Demişdim axı, müharibənin uşaqlarıdır, ona görə cavabdehi odur. Laylaları, pozulan atəşkəsin səsləri, oyuncaqları içi boşalmış mərmilər olur. Səmaları mavi, ulduzlu, göyqurşağı deyil, tüstüdən qaralmış göyüzü, uçuşan güllələr, şığıyan mərmilər olur. Otaqları, beşikləri ana qucağı olur. Kimi dindirsən uşaqlığına dönmək istəyir. Amma müharibədə böyüyən körpələrin bu cür arzuları olmur. Surətlə böyüyüb, savaş travması ilə aralarına illəri yerləşdirmək istəyirlər.

Müharibə uşaqlarını deyirəm. Oynayıb, qaçıb, əylənmək istəyirlər. Amma siyasətin ən balaca oyuncaqları olduqlarının fərqində olmurlar. Beləcə, bu oyunları, başı qoparaq, alnından atılaraq, qolu kəsilərək tərk edirlər.

Zəhra kimi… Əynində pampersi, narınc, kiçicik köynəyi, qulağına dolmuş və alnına yayılmış qanla ödədi, müharibə uşağı olmağın bədəlini! Bəlkə də pampersi onu öldürən düşmənin cibi boyda idi. Ermənilər tərəfindən vurulan Zəhra: nə arzuları, nə də gələcəyə dair planları yox idi. Çünki cəmi 2 yaşında idi. İki bayram, iki yaz, iki qış, iki payız, ikinci yayı görə bilmişdi. Ayağı torpaqla yenicə tanış olmuşdu. Ən böyük istəyi şokolad, rəngli oyuncaqlar və ana qucağı ola bilərdi. Cümlə belə qura bilmirdi, arzusu necə ola bilərdi ki? Ağ kağız idi. Üstünə ən gözəl kəlimələr bundan sonra yazılacaqdı. Amma olmadı. Kağızı qana bulandı.

Bizim nəsillə başlayan müharibənin hesabını, bu günün Zəhraları verir.

Bütün müharibələr vicdansızdır. Dinc sakinlərə yönələn bütün silahların adı terrordur. Terror isə insan şərəfinə edilən ən böyük təhqirdir.

Zəhra öldü, bəs digər Zəhralar? O uşaqlar normal həyatına necə dönə bilər? Gözünün qarşısında öldürülən yoldaşlarının necə görməməzlikdən gələ biləcəklər? Bunu edənlərə hiss edəcəyi kini düşünün!  Kinlə, nifrətlə böyüyən uşaqlar, gələcəyə nə qata bilərlər?

Sadəcə Zəhra qurban deyil. Bu gün cəbhəyanı bölgələrdə minlərlə Zəhralar var. Hansı ki, ailəsinin, dostlarının, evinin, oyun oynadığı küçələrin, məktəbinin, baxçasının, hətta şəhərinin yox oluşunu seyr etməsi an məsələsidir. Minlərlə uşaq travma ilə böyüyür. Minlərlə uşaq səsdən diksinərək günə başlayır. Minlərlə uşaq atəş səslərini eşitməmək üçün başını yastığın altında gizlədir.

Uşaqların ölümü üzərinə qazanılan zəfərə sevinmək üçün necə vicdan daşımalıdır insan? Döyüş sonrasında qazanılan hansı qalibiyyət, bir körpənin gözlərindəki işıltının sonsuzadək itməsi ilə sığortalana bilər?

Müharibənin, savaşın içində yetişən, hələ sabahı sual altında olan nəsilin hansı planı, arzusu, xəyalı ola bilər ki?

Gözümüzün önündə qanlar içində dünyadan köçən Zəhralara rəğmən yaşayırıq. Lənət edirik. Qana bulanan gələcəyimizə yanırıq.  Bütün müharibələrin sonunda sağ qalmış, ruhları şikəst olmuş milyonlarla uşaq, gələcək üçün yalnız yeni müharibələr vəd edə bilər.

Müharibədə sadəcə uşaq olmaq deyil, ana, qardaş, ata, bacı, yoldaş, sevgili, qısacası insan olmaq zülmdür. Amma bütün bunlardan fərqli olaraq, müharibə ortasında həyatını itirən hər uşaq yox olan ümiddir.

Bombanın nə vaxt hara düşəcəyini bilmədən, güllənin hansı istiqamətdən gələcəyi haqda zərrə qədər təsəvvürü olmayan, tozun-torpağın, yıxıntıların içində oynamaq cəsarəti göstərənlərə, müharibə uşaqları deyilir.

Biz paytaxtda oturub bir-birimizlə didişərkən, klaviatura arxasında nərildəyərkən, şəhər-kənd davası edərkən, həyatını güllələrə qurban verəndir, müharibə uşaqları.

Bomba düşdükdən sonra, kiçik ayaqları ilə böyük addımlar ataraq evə doğru qaçıb, evin onu düşən bombadan qoruyacağına inanan məsumiyyətdir, müharibə uşaqları.

Müharibə uşağı olmaq, bir qədər əvvəl oyun oynadığı qardaşını, yoldaşının cansız bədənini görməkdir.

Müharibədə uşaq olmaq, həyata 10-0 geridə başlamaqdır. Bunu nə illərdir özünü Azərbaycana yıxan ATƏT, nə dünyaya insanlıq mesajı verən AŞPA, nə sülh platformaları, nə də insan hüquqlarından başqa hər hoqqadan çıxan qurumlar başa düşə bilər.

Xoşbəxt dünya xoşbəxt uşaqlarla formalaşır. Bütün uşaqlar firavan və gözəl yaşayışa layiqdir. Onlara bunu vermək isə böyüklərin işidir. Ən azı növbəti Zəhralar üçün bunu etmək lazımdır.

İnsanlıq öldü, heç olmazsa növbəti Zəhralar ölməsin.

Türkan TURAN