HBO telekanalının “Çernobıl” AES-dəki qəza haqqında lentə aldığı beş hissədən ibarət mini serial sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Kimi bu faciəni yenidən xatırlayır, kimi də 1986-ci ildə baş verənlər haqqında ilk dəfə eşidir.
Gununsesi.org xəbər verir ki, lentə alınan ekran işindən sonra “Instagram”ın fəal istifadəçiləri gördükləri kadrlardan təsirlənərək Çernobıl və Pripyat şəhərlərinə axın etməyə başlayıblar.
“Reuters”in məlumatına əsasən, may ayından etibarən tərk edilmiş binalar və apokaliptik mənzərələr ötənilkindən 30 faiz daha çox ziyarətçi cəlb edib və yaz aylarında turist axını orta hesabla 40 faiz artıb.
“Çernobıl”ın yaradıcılarından olan Kreyq Meyzin sosial şəbəkə hesabında insanların qəza ilə bağlı maraqlarını bu cür şərh edib:
“#ChernobylHBO insanları “Məhrumiyyət zonası”nı ziyarət etməyə ruhlandırır. Amma paylaşılan fotoların əksəriyyəti ürəkləri dağlayır. Belə bir yerə gəlsəniz, xahiş edirəm, böyük bir faciə olduğunu xatırlayın. “Çernobıl” faciəsinin qurbanlarını yad edərək onlara ehtiramla yanaşın”.