
“Azərbaycanda ayrı-ayrı şəxslər,bu və ya digər mənada heç bir etik-əxlaqi normaları gözləmədən qarayaxmalarla məşğuldurlar, təhqir edirlər, qarşı tərəf haqqında ağılagəlməz ifadələr işlədirlər. Əlbəttə biz bunları qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndiririrk. Çünki bundan öncə-parlament seçkilərində də bu sayaq situasiyalara rast gəlmişik, bu tip mübarizə üsulları ilə tanışıq. Lakin bu ilki seçkilərdə fərqli mənzərənin şahidiyik. İndi qarşılarına kim çıxır başlayırlar senzuradan kənar ifadələrdən istifadə etməyə, iyrənc qarayaxmalarla daha çox əl atmağa.”
Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, deputatların və nüfuzlu KİV rəhbərlərinin də qatıldğı tədbirin əhəmiyyətindən danışan Əflatun Amaşov bildirib ki, son aylar ərzində Avropada yaşayan bəzi şəxslər özlərinin sosial şəbəkədəki profilləri vasitəsilə ölkə prezidentinə, onun ailəsinə, Azərbaycanın atributlarına qarşı təhqirlər edirlər: “Əlbəttə ki, bütün bunlar seçki ilə bağlıdır. Biz daha öncəki seçkilər ərəfəsindən də bu sayağı mübarizə üsulları ilə tanışıq. Ancaq indi başqa münasibət hakimdir. İndi sanki təhqir, qəzəb, söyüş öz plandadır. Bu makinanı dayandırmaq mümkün deyil. Məqsəd vətəndaş qarşıdurması yaratmaqdır. Biz buna məhəl qoymaya da bilərdik. Çünki Avropanın ölkələrində on minlərlə azərbaycanlı yaşayır. Onlar Azərbaycanın tarixi ilə bağlı həmin ölkənin vətəndaşlarına məlumat verirlər, ölkədəki siyasi vəziyyəti doğru şəkildə anladırlar. Bu yaxınlarda Xocalı soyqırımının il dönümü zamanı keçirilən tədbirlər də göstərdi ki, onlar Azərbaycanı necə sevirlər. Lakin bir qrup adamların videolarına baxanda görürsən ki, bunlar söyüşü əsas mübarizə üsulu kimi seçiblər. Onlar deyirlər ki, biz məhv etməliyik, devirmələyik.
Bizi narahat edən bu sayaq məsələlərdir. Ona görə də biz Azərbaycan jurnalistləri, Azərbaycanı narahat edən bu sayaq addımlarla barışmalı deyilik. Bu, bizim siyasi mübarizə üsullarımıza zidd olan məsələlərdir. Çox sağ olun ki, sosial şəbəkə hesablarınızda, media orqanlarında bu sayaq təhqirlərə doğru reaksiya vermisiniz. Ona görə də sizə təşəkkür edirəm. Bu gün qaldırdığınız məsələ cəmiyyətdə barışın qorunub saxlanması üçün çox aktualdır”. Mətbuat Şurasının sədri Əflatun Amaşov yaşanan problemin səbəbini açıqladı.
Gununsesi.info