İntihar edən qazinin ailəsi Prezidentə üz tutdu – CƏSUR DÖYÜŞÇÜNÜN VALİDEYNLƏRİ HAQSIZLIQDAN ŞİKAYƏTLƏNİR-VİDEO-FOTOLAR

  • By admin
  • 06 Dekabr 2021 17:38

2-ci Qarabağ savaşında aldığı ağır travmalara görə Müdafiə Nazirliyinin Hərbi Hospitalında intihara əl atan qazi Vüsal Musayevin ailəsi oğullarının ölümündən sonra şəhid statusunun verilməməsindən narazıdır.

Bu barədə Gununsesi.info-ya müraciət edən şəhidin atası Eldar Musayev bildirib.

O, bildirib ki, övladı 2-ci Qarabağ savaşında qəhrəmancasına döyüşüb. Talış kəndi ərazisində ağır yaralandığı halda, onu hospitala aparanda belə getmək istəmirmiş ki, komandirim tək qaldı. Vüsal Musayev müharibədən sonra aldığı ağır travmalar səbəbindən müalicə aldığı Bakıdakı Müdafiə Nazirliyinin Hərbi Hospitalında intihar edib. Ali Baş Komandan İlham Əliyev, döyüşdə göstərdiyi şücaətlərinə görə, Vüsal Musayevi “Cəsur döyüşçü” və ” Vətən uğrunda” medalları ilə təltif edib.

Şəhid kimi dəfn olunan Vüsalın atası -“Biz,  bu işlə bağlı məsuliyyət daşıyan mötəbər qurumların yalana söykənən vicdansız münasibətləri ilə üz-üzə qalımışıq”,- deyə imdad edir. Ürəyi yaralı şəhidin atası bildirir ki, Vüsala şəhid statusu verilməsindən imtina edirlər, oyun quraraq deyirlər ki, statusu məhkəmə yolu ilə ala bilərik.

” Bizə tövsiyyə etdilər ki, məhkəməyə müraciət edək. Dedilər ki, Müdaifə Nazirliyi imtina cavabı verəcək, biz də həmin cavabdan Bakı İnzibati Məhkəməsinə müraciət etdik. Ancaq 3 dəfə məhkəmə prosesi olsa da Müdafiə Nazirliyindən heç kəs məhkəməyə gəlmədi. Hakim Pərviz Hüseynovun da cəsarəti, vicdanı çatmadı ki, obyektiv qərar çıxarsın. Ona görə də, 3-cü prosesdən  sonra işə baxmaqdan imtina etdi.  Aylardır davam edən süründürməçilikdən sonra Gəncədə yaşamağımızı əsas gətirərək, işi Gəncə İnzibati Məhkəməsinə göndərdilər.

Mən, Sizin saytınız vasitəsilə Prezitdent İlham Əliyevə müraciət edib, ondan acizanə halda xahiş edirəm ki, bu ədalətsizliyi aradan qaldırmaqda mənə kömək etsin. Mənim övladım könüllü döyüşüb, müharibədə həlak olmasa da aldığı travmalardan Hərbi Hospitalda intihar edib. Niyə axı ona şəhid statusu verilməməlidir?

Hakim Pərviz Hüseynov dərk etməliydi ki, Vüsal kimi oğullar olmasa idi, biz bu müharibəni qazana bilməzdik. Bu gün o, rahat kresolosunda  oturub, süründürməçiliklə məşğuldur, lakin şəhidin statusu olan haqqını ona vermir. Mən xahiş edirəm ki, Gəncə İnzibati Məhkəməsində bu işə ədalətli baxılması üçün müvafiq göstərişlər verərək, bizə kömək edəsiniz.”

Qeyd edək ki, Gəncə İnzibati Məhkəməsinin hakimi Emin Axundovun icraatında olan işə, 7 dekabr,  2021-ci il tarixində baxılacaq.

Gununsesi.info