İntihar etdiyi deyilən stomatoloqun qardaşından AÇIQLAMA

  • By admin
  • 24 Avqust 2022 12:43

Lənkəranda tanınmış stomatoloq Müşfiq Bağırovun intiharı ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara qardaşı Ramal Bağırov münasibət bildirib.

Gununsesi.info Ramal Bağırovun redaksiyamıza göndərdiyi açıqlamasını təqdim edir:

“Mən Bağırov Ramal Zaman oğlu Lənkəran şəhərində qardaşım Müşviq Bağırovun intihar etməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirmək istəyirəm.

İlk öncə ailəmizin çətin məqamında hadisənin diqqətdə saxlanılmasına görə əməyi keçən jurnalistlərə minnətdarlığımı bildirib əks olunmuş bəzi həqiqətə uyğun olmayan məlumatları da təkzib etməyi özümə borc hesab edirəm.

Lənkəran rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə mərhum qardaşımın hüquqi varisi kimi tanınmışam və istintaq sirri olduğundan araşdırmanın gedişinə mane olmamaq üçün cinayət barədə konfedensiallıq baxımından zəruri məlumatları paylaşa bilmirəm. Lakin mərhum qardaşım maddi asılılıq nəticəsində ona gəlinmiş hədə-qorxu halında 21.08.2022-ci il tarixdə özünə qəsd etmişdir ki, bunu təsdiq edən sübutları istintaq orqanına təqdim etmişəm. Prokurorluq orqanları tərəfindən obyektiv araşdırma aparılacağına və qısa müddət ərzində cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb ediləcəyinə inanıram. Odur ki, mətbuat orqanlarını daim izləyən Baş prokuror cənab Kamran Əliyevdən istintaqın nəzarətdə saxlanılmasını xahiş edirəm.

Bundan başqa sosial şəbəkələrdə yayılmış mərhum qardaşımın meyvə ticarəti zamanı yaranmış borc məbləğinə görə intihar etməsi məzmununda məlumatlar dezinformasiya xarakteri daşımaqla cəmiyyətin yanlış məlumatlandırılmasına səbəb olur. Odur ki, həmin məlumatları yaymış informasiya agentliklərinin hazırda qeyd etdiyim təkzib barədə məlumatları dərc etməklə belə həssas durumda mənə və ailəmizə mənəvi dəstək olacaqlarına ümid edirəm”.

Gununsesi.info