İntihara gedən “yollar” - Sevgi, tənhalıq, ailə münaqişələri, işsizlik, kredit…

  • By admin
  • 13 İyul 2016 11:28

int-1

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsi olaraq, hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar
edir. 2020-ci ildə intiharların sayının 500 minədək artacağı da proqnozlaşdırılır.Ölkəmizdə də bu məsələdə vəziyyət ürəkaçan deyil. Belə ki, dünyanın intihar edənlərinin təxminən bir faizi Azərbaycanın payına düşür.

Gununsesi.info xəbər verir ki, statistik məlumatlara görə, 2016-cı ilin ilk altı ay ərzində  ölkəmizdə 237 nəfər intihar edib. Onların 147 nəfəri kişi, 70 nəfəri qadın, 20-si məktəbli və yeniyetmədir. Qeyd edək ki, 2016-cı ildə rəsmən elan olunan intiharların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2015-ci ilin ilk 6 ayında  Azərbaycanda 155 intihar  hadisəsinin  baş verdiyi rəsmən açıqlanıb. Keçən il  həmin müddətdə 166 nəfər   intihara cəhd edib. Altı ayda isə cəmi 6 məktəbli və yeniyetmə intihar edib, bir bu qədəri də intihara cəhd göstərib. İntiharlar üzərində araşdırmalar aparan psixoloqlarının fikrincə, intiharlar daha çox yaz fəslində baş verir. Ölkəmizdə isə 2016-cı ilin ilk 6 ayında  intihar edənlərin sayı 2015-ci ilə nisbətən artıb. Belə ki,  əgər 2015-ci ilin yanvar ayında ölkəmizdə 23 nəfər intihar etmişdisə, 2016-ci ildə  bu rəqəm  33 olub. Yerli ekspertlərin fikrincə,  son illər baş verən intiharların sayının artmasının başlıca səbəbi, 2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğraması olub.  Belə ki, devalvasiya  ilk növbədə banklardan kredit götürən vətəndaşların çıxılmaz vəziyyətə salıb. Banklara krediti ödəyə bilməyən vətəndaşlar artan faizlərin şokunda  intihara əl atırlar. Həm də intiharın ən işgəncəli növündən özünü asma və yandırmayla həyatlarına son verirlər.  Bu ilin mayın ayında  Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında yaşayan, “İnteryer-S” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, 54 yaşlı Söhbət Hacıyev ov tüfəngi ilə özünə atəş açaraq, intihar edib.Onun rəhbərlik etdiyi “İnteryer S” MMC şirkəti təhlükəsizlik və müşahidə kameralarının quraşdırılması və sazlanması ilə məşğul olub.Söhbət Hacıyevin rəhbərlik etdiyi qurum banklara xeyli borclanıb.Lakin Azərbaycanda heç bir rəsmi qurumda il ərzində özünə qəsd edənlərin, yaxud, buna cəhd göstərənlərtin statistikası aparılmır. Azərbaycanda bu statistikanı aparan, daha doğrusu, həvalə olunan hansısa rəsmi dövlət qurumu yoxdur. Məsələn, sui-qəsd xarakterli zəhərlənmələrlə bağlı müraciətlər daha çox Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilir. Ancaq bu şöbənin məlumatlarını da yetərli hesab etmək olmaz. Toksikologiya şöbəsinin rəhbərliyidə bu cür faktların açıqlanmamasında xüsusi rol oynayır.Ümumiyyətlə, intiharlara qarşı nə dövlətin, nə də qeyri-hökumət təşkilatlarının mübarizə strategiyası yoxdur.Məsələn, uşaq intiharlarının qarşısının alınmasında orta təhsil müəssisələrindəki psixoloqların nə qədər əhəmiyyətli rol oynamasından söhbət belə gedə bilməz.Ona görə ki, həmin psixoloqlar məktəblərdə ya yoxdur, ya da istənilən səviyyədə fəaliyyət göstərmirlər.

Kredit borclarını ödəyə bilməkdə çətinlik çəkən insanların çıxış yolu kimi intihara əl atması da real təhlükəyə çevrilib…

Azərbaycanda da intiharlara görə Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət məsuliyyəti nəzərdə tutulur.Lakin təcrübə göstərir ki, intiharların böyük əksəriyyətinin hansı səbəblərdən baş verdiyi tam araşdırılmır.Azərbaycanda insanların özlərinə qəsd etmələrinə gəldikdə, bütün dünyada olduğu kimi səbəblər müxtəlifdir.Əlbəttə, son zamanlar kredit borclarını ödəyə bilməkdə çətinlik çəkən insanların çıxış yolu kimi intihara əl atması da real təhlükəyə çevrilib.Bununla belə, ölkədə ailə münaqişələri, uğursuz sevgi ilə üzləşənlərin də intihara çıxış yolu kimi baxanlarla bağlı kifayət qədər fakt var. Bir sözlə, hərə bir bəhanə, üzləşdiyi çıxılmaz vəziyyətlə özünü bu həyatdan məhrum etməyə meyllənir. Ötən ilin ən səs-küylü intiharları isə  ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) asması olub. O, MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu. İqar Əliyevin barəsində oktyabr ayında Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.Bu müəmmalı intiharın əsl səbəbi hələ də sirr olaraq qalmaqdadır.Polis İdarələrində baş verən intihar hadisələri də kifayət qədər yadda qalan mövzulardır.Həm də bu intiharla adətən özünü yuxarı mərtəbələrdən yerə atmaqla baş verir.Tanınmış  və maddi ehtiyacı olmayan şəxslərin ailə üzvləri arasında da intihar halları az deyil.Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunun direktoru,  akademik Toğrul Şahtaxtinskinin nəvəsi 44 yaşlı Əli Şaxtaxtinskinin də yaşadığı mənzildə meyiti tapılıb. 2015-ci ilin noyabrında  Azərbaycan Hərbi Prokurorluğunun bölmə hissə rəisi, qurumun maliyyə məsələlərinə baxan Allahverdi Hüseynov da özünə qəsd edib.  Deyilənlərə görə,  iş yerində  yoxlamalar aparılarkən,  külli miqdarda maliyyə kəsri olub. Bu da  rəisin intiharına səbəb olub. Intiharlara səbəb təkcə vəzifə səlahiyyətlərindən istifadə və kreditlər deyil, həm də məmur-işçi münasibətləridir.Məsələn, Gəncə şəhərində 51 yaşlı Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib.Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində aşkar olunub.İntihar edən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb.

İntiharların artmasına səbəb birmənalı olaraq, onlara verilən azadlıqlardır

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, intiharların artmasına səbəb birmənalı olaraq, onlara verilən azadlıqlardır. Psixoloq gununsesi.info-nun əməkdaşı ilə söhbətində  intihar hallarının artmasına münasibət bildirərkən qeyd edib ki, bu faktların mediada yayımlanması da , təfərrüatları ilə təqdim edilməsi də “qara piar”dır. Psixoloq hesab edir ki, ölüm sanki, insanlar üçün  adiləşib: “Diqqət edirsinizsə, kimsə özünü binadan atmaq istəyəndə, onun bu addımının qarşısını almaq əvəzinə, telefonla videosunu çəkirlər. Buna görə də hər şeyi insanların müzakirəsinə vermək olmaz.Belə məqamlar gənclər arasında intihar hallarının artmasına təsir edir.15 il əvvəl intiharın kriteriyaları başqa idi.  O zaman intihar hadisələrinə az hallarda rast gəlinirdi. Uzun sürən xəstəliklər, zərərli vərdişlərdən asılı olmaq, psixoloji və genetik faktorlar intiharların əsas səbəbləri idi. Bu gün intihar edən yeniyetmə və gənclər arasında səhhəti ilə bağlı problemləri və ya zərərli vərdişləri olan yoxdur. Gənclərin intihar etməsinə səbəb özünü tapa bilməməsi və yaxud məişət vəziyyətində problemlər, sevgi məsələləri və s. Digər tərəfdən ailə daxili konfiliktlər də yeniyetmə və gənclərin psixologiyasına daha çox təsir göstərir. Bir müddət, əslində,  intiharlar iqtisadi səbəblərə bağlandı, banklara borclar və s. Əslində, bir insanın borcu və narahatçılığı, problemi ola bilər. Əgər insan sabaha ümidlə baxa bilmirsə, həyata pozitiv yanaşa bilmirsə, o, özünə qapılır və bir müddət keçəndən sorna onda intihar kimi fikirlər formalaşır. Bu faktorlar nəzərə çarpmalı və maarifləndirmə işləri aparılmalıdır.

E.Rüstəmov hesab edir ki, insanların lüzumsuz informasiyalarla yüklənməsi də intihara yol açır. Texnogen dövrdə, informasiya əsrində yaşayırıq. İnsan səhər duranda və axşam yatanda telefona baxır və lüzumsuz informasiyalarla yüklənir. Bunlar zaman keçdikcə, insanda ümidsizlik yarada və intiharlara yol aça bilər.İntihar hadisələrinin mətbuatla, internetlə əlaqəsi də böyükdür.  Hazırda yaxşı və ya pis, kimin ailədaxili konflikti var, gedib intihar edir. Bu da insanlara çox mənfi təsir göstərir. Sabah təkrar bir situasiya yaşayan başqa bir insan da bu yolnan gedir, intihar edir. İntihar doğru bir addım deyil.Ona görə də, bu situasiyada çox həssas olmaq lazımdır. Yenə də KİV bu həssaslığı nəzərə almalıdır.Yaxşı olardı ki, saytlar intihar haqqında xəbər yazmasınlar. İntihar xəbərini işıqlandırmaq lazım deyil. Onu bir az arxa plana çəkmək lazımdır ki, proses sakitləşsin”- deyə, o, bildirib.

“İntihar bütün hallarda etiraz formalarından biridir”

Psixoloq  Elmir Əkbər isə hesab edir ki, intihar bütün hallarda etiraz formalarından biridir: “İntihar riski yaşayanlar, əsasən tənhalar, uzun sürən xəstəliklərdən əziyyət çəkən insanlar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlar, genetik faktor-nəsillikcə intihar edən insan qrupları və s. bu formada özünü göstərir. Bu ayrıca bir faktdır ki, adətən, yeniyetmələrin intihar etməsi halına da rast gəlirik. Ya sevgi problemi yaşayır, ya ailədə problem yaşayır, yaxud da kiminləsə ünsiyyətdə problem yaşayır.Dil tapa bilmir və bu hal baş verir.Ailədaxili konfliktlər səbəbindən intiharlar var. Həyatda o qədər gözəl şeylər var. Həyat yaşamaq üçündür. Kim yaxşı yaşamırsa, günah onun özündədir.Günəş çıxanda məxsusi adamlar üçün çıxmır, hamı üçün çıxır. Bu dünyada hamıya çatacaq qədər ev də var, maşın da var, iş də var. İnsan öz potensialına inanmalıdır”-,deyə o bildirib. O, qeyd edib ki,  intiharların çoxalmasında əsas səbəblərdən biri cəmiyyətimizdə baş alıb gedən biganəlik və laqeydliyin olmasıdır: “Məni psixoloq kimi narahat edən də budur. Yəni, insanların bir-birinə qayğı göstərməməsi belə vəziyyətlərə gətirib çıxarır. Bəziləri ola bilsin ki, göstəriş xətrinə “özümü öldürəcəyəm” kimi ifadələr işlətsin. Lakin bizim cəmiyyət olaraq ixtiyarımız yoxdur ki, heç kimin “SOS” çağırışına reaksiya verməyək. Hətta, yalan dediyini düşünsək belə, mütləq yenə də biz ona ciddi yanaşmalıyıq, bir-birimizə diqqətli olmalıyıq. Axı, intihar qəfildən yaranan bir akt deyil. İntihardan qabaq insan ruh düşkünlüyü, depressiya yaşayır. Deyir ki, sanki həyatın mənası yoxdur, artıq əvvəlki kimi həyatdan zövq ala bilmir, ağzının dadı gedib, sanki rənglər solğunlaşıb, bilmir nə üçün yaşayır, yaşamağın mənasını itirib və s. kimi sözləri eşitdikdə, artıq o insan üçün narahat olaq və onun qeydinə qalaq. İnsan dərdini bölüşdükcə rahatlaşır. Cəmiyyətdə laqeydlik olduğuna görə, bu hallar aktuallaşır. valideynlər övladları ilə kifayət qədər düzgün maraqlanmırlar, vaxtında mütəxəssisə müraciət etmirlər. Nervopatoloqa aparırlar, iki-üç dərman yazdırırlar vəssəlam. Dərmanla insanın ürəyinin yolunu tapmaq olar? Uşaqla maraqlanmaqdansa, qeydinə qalmaqdansa, psixoloji konsultasiya aparmaqdansa, dərmanlarla başlarından edirlər”.

Yaşlı insanlar indiki bazar iqtisadiyyatı şəraitində yaşamağa hazır deyillər, ikinci tərəfdən dini baxımdan zəifdirlər…

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə isə yeniyetmələrdən və azyaşlılardan fərqli olaraq, yaşlı insanların intiharının iki səbəbi var:Yaşlı insanlar arasında intihar hallarının çoxalmasının sosial tərəfi də var ki, bu maddi çətinliklərlə bağlıdır. Yaşlı insanlar Sovet dövrünün dəyərlərində, başqa bir mühitdə yaşamış insanlardır. O vaxt problemə münasibət indikindən fərqli idi. İndi bazar iqtisadiyyatıdır. Yaşlı insanlar indiki bazar iqtisadiyyatı şəraitində yaşamağa hazır deyillər, ikinci tərəfdən dini baxımdan zəifdirlər. Bu iki hal bu təbəqəni intihara sövq edir”-, deyə o bildirib.

int-2

 

int-3

int-4

 

Gülnaz Qənbərli

Gununsesi.info