İntizam komissiyası Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy verdi

Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb.

İclasda deputat Eldəniz Səlimov çıxış edib.

HTML tutorial

Toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.

E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.

Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ müzakirələrdən sonra parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

xxx

11:58

Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.

Toplantıda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Toplantıda komissiya üzvləri ilə yanaşı, Eldəniz Səlimovun özü də iştirak edir.

Komissiya deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında “Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələyə baxılacaq. (report)

Gununsesi.info