iPhone-nun abunə qiyməti məlum oldu

  • By admin
  • 05 Aprel 2022 07:55

“Apple” tərəfindən abunə olaraq təklif olunan iPhone-un aylıq minimum abunə qiymətinin 35 dollar olduğu proqnozlaşdırılır.

“Bloomberg”in köşə yazarı Mark Qurman, Apple-ın abunə olaraq təklif edə biləcəyi ən sərfəli smartfonun neçəyə başa gələcəyini proqnozlaşdırıb. Müəllifin qiymətləndirmələrinə görə, iPhone 13 istifadəçiyə ayda 35 dollara başa gələcək və bu məbləğ üç illik müqavilə bağlandığı təqdirdə müştərinin hesabından silinəcək. iPhone 13 Pro ayda 45 dollara, iPhone 13 Pro Max isə 50 dollara başa gələcək.

Mütəxəssisin sözlərinə görə, smartfon satışı üzrə abunə modeli şirkət üçün sərfəlidir. Bir tərəfdən, “Apple” daha çox qazanc əldə edə bilər. Belə ki, əgər iPhone 13 ən azı 799 dollara başa gəlirsə, o zaman üç il ərzində istifadəçi cihaz üçün 1260 dollar ödəyəcək. Digər tərəfdən, şirkət müştəridən köhnə cihazları təhvil alaraq təmir edə və yenidən smartfonlar kimi sata bilər.

Qurman hesab edir ki, istehlakçının üstünlüyü isə ondan ibarət olacaq ki, o, hər il ən müasir smartfon əldə edə biləcək və o, yeni iPhone üçün yüzlərlə dollar xərcləmək məcburiyyətində qalmayacaq.

Eyni zamanda ekspert bu yeni modeli avtomobil bazarında məşhur olan lizinq proqramı ilə də müqayisə edib: “Siz iPhone-un dəyərinin bir hissəsini ödəyirsiniz, lakin ona heç vaxt tam sahib ola bilmirsiz”.

Gununsesi.info