İqbal Ağazadə Ağdaş icra məmurunu və Cavid Osmanovu təxribatçılıqda ittiham etdi  

  • By admin
  • 26 May 2016 13:28

 

Igbal Aghazade

 

Təkrar parlament seçkilərində 90 saylı Ağdaş seçki dairəsində Ümid Partiyasının sədrini təbliğat kampaniyasına mane olmaq məqsədi ilə təxribata əl atılıb. Baş vermiş olayla bağlı Gununsesi.info-ya açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, bu təxribat YAP-dan olan namizəd Cavid Osmanov və Ağdaş Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidartəetmə orqanları üzrə iş şöbəsinin müdiri Əsgərxan Həsənov tərəfindən hazırlanıb.

“Məqsəd də ondan ibarət olub ki, guya seçicilər bizi qəbul etmir və öz etirazlarını bu yolla bildirirlər. Ancaq sevindirici haldır ki, bizim müdaxiləmiz olmadan seçicilər özləri bu təxribatçı qrupun qarşısına çıxaraq onların layiqli cavabını verdilər. Hətta vaziyyət tərəflər arasında qarşıdurma səviyyəsinə çatdı. Bizim müdaxiləmiz nəticəsində ara sakitləşdi. Bundan sonra təxribatçı qrup geri çəkilməli oldu”, – deyə İ. Ağazadə vurğuladı.

Partiya rəhbəri onu da əlavə etdi ki, Əsgərxan Həsənov İcra hakiminin müavini olmaq üçün belə can-fəşanlıq edir: “Belə ki, Cavid Osmanov deputat seçiləcəyi təqdirdə birinci müavin postu boşalır və Ə. Həsənova yol açılır. O da bu fürsətdən yararlanmağa çalışır. Ona görə də belə can-fəşanlıq edir. Bunu sonra da bir neçə təxribatçı qrupun nümayəndləri açıqcasına etiraf ediblər ki, onları məhz Əsgərxan Həsənov göndərib. Biz də işimizin xatirinə buradayıq”.