İqlim böhranı iqtisadiyyatın qatilinə çevrilir.
Gununsesi.info xəbər verir ki, bu barədə COP29 zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil mətbuat konfransında çıxış edərkən bildirib.
O qeyd edib ki, hər bir ölkə emissiyaları azaltmaq üçün ciddi şəkildə işləməlidir.
“İqlim böhranı ilə bağlı tədbir görülməsə, inflyasiya artacaq. İnsanlar qlobal maliyyə mövzusunu müzakirə etmək üçün COP29-a gəliblər. Çünki çirklənmə nə qədər az olarsa, iqtisadiyyat o qədər yaxşılaşacaq. Bütün bu töhfələr COP29 çərçivəsində müzakirə olunacaq.
Ediləcək işlər çoxdur. Amma biz bu işlərin həlli üçün yaxşı başlanğıc etdik. Qlobal əməkdaşlıq iqlim böhranından sağ çıxmanın yeganə yoludur. Konkret nəticələrinin ortaya qoyulması gərəklidir. COP29-un nəticələri qlobal maliyyələşməni sürətləndirməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.