Azərbaycan ordusunun martın 15-də başlayacaq və 10 minə yaxın şəxsi heyəti cəlb etdiyi əməliyyat-taktiki təlimləri Ermənistanda əsəb reaksiyasına səbəb olub. Buna cavab olaraq İrəvan martın 16-dan 20-dək 7500 hərbçini cəlb edəcəyi vədi ilə özünün “taktiki-peşəkar” təlimlərini keçirməyə qərar verdi.
Ermənistan mətbuatı bununla kifayətlənməyərək, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan Moskvanın Azərbaycanın keçirdiyi təlimlərdən narahat olub-olmadığını öyrənməyə çalışıb və buna birbaşa cavab alıb:
“Xeyr, narahat etmir və bunlar bölgədə sabitlik və təhlükəsizlik üçün risk yaratmır”.
Öz növbəsində “Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko Caliber.Az-a verdiyi müsahibəsində Azərbaycan milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə əsaslanan hərbi təlimlər keçirdiyini qeyd edib.
“Əlbətdə ki, bu, Ermənistan tərəfini təhdid etmir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri mövcuddur, onlar qeydiyyata alınıb. Deməli, erməni təbliğatçılarının verdiyi bütün açıqlamalar informasiya müharibəsi aparmaq və əvvəlki qarşıdurma kursunu davam etdirmək məqsədi daşıyır”, – deyə o, bildirib.
Həmsöhbətin sözlərinə görə, 44 günlük müharibə nəticəsində Ermənistanın bütün “təcavüz dişləri” qoparıldı:
“Azərbaycana gəldikdə, ölkənin öz ərazisində antiterror əməliyyatı keçirməsini istisna edə bilmərik. Təəssüf ki, hələlik Azərbaycanın Qarabağ regionunda erməni qanunsuz birləşmələri tam tərksilah olunmayıb. Təxribatlar, hətta bəzi erməni diversantların terror və diversiya törətmək üçün Azərbaycana soxulması istisna edilmir”.
Ekspert qeyd etdi ki, Azərbaycan Ermənistan tərəfindən hər hansı bir təxribatın qarşısını almaq üçün bacarıqlarını inkişaf etdirməyə dair qanuni hüquqa malikdir.
Bəs niyə görə, Ermənistan silahlı qüvvələri 7 500 hərbi qulluqçunun iştirakı ilə təlimlərə başlayır? Bu, ordunu yenidən qurmaq cəhdidir?
Ermənistanın hansı silahlı qüvvələrindən danışmaq olar?! Bir ay yarım davam edən döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunda 10 min fərarilik halı qeydə alınıb. Təlimlərin miqyası ilə İkinci Qarabağ müharibəsi dövründəki erməni fərarilərin sayını müqayisə edin. Ermənistan ordusunun hansısa formada bərpa edilməsindən söhbət getmir. Bölgədəki geosiyasi vəziyyət dəyişdi. Biz Ermənistanda xaos görürük. Siyasi elita və müxalifət xalqın mənafelərinə tüpürərək bir-birini didir, hakimiyyətə və pula yiyələnmək istəyirlər. Nikol Paşinyanın klanı isə hakimiyyətdə qalmağa çalışır.
Ermənistan ordusunun təlimlərinə qayıtsaq, bu bir stəkan suda fırtına yaratmaq cəhdindən başqa bir şey deyil. Təkrar edirəm Ermənistanın “təcavüz dişləri” çıxarılıb. Müharibəni uduzan Ermənistan kənara çəkilməli və zingildəməməlidir.
Bütün bu “papuas rəqsləri” nə Azərbaycanı, nə də başqalarını qorxuda bilməz. Bu, firavan dövlət qurmaq iqtidarında olmayan, xalqın yaşayışını təmin edə bilməyən erməni siyasi sisteminin aqoniyasıdır.
Diqqət edin, indi məhdudiyyətlər götürüldükdən sonra on minlərlə erməni tarixi vətənlərini tərk etməyə çalışırlar, cünki heç bir perspektiv görmürlər.
Amerika Erməniləri Milli Komitəsi ABŞ prezidenti Co Baydenə və Dövlət katibi Entoni Blinkenə müraciət göndərərək Türkiyə və Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzə hazırlaşdığını iddia edirlər…
İstər ABŞ, istər Fransa, istərsə də Rusiyadakı erməni diasporunun fəaliyyəti Ermənistanın öz mənafeləri üçün son dərəcə destruktivdir. Ya ailənizi, kapitalınızı götürüb öz tarixi vətəninizə qayıdın, yaxud da bir kənarda oturun və müdaxilə etməyin. Bunlar erməni siyasi səhnəsində yad oyunçulardır.
İndiki vəziyyətdə onlar Co Baydeni Azərbaycan və Türkiyəyə qarşı yönəltməyə çalışırlar. Əgər Birləşmiş Ştatların kifayət qədər ağlı olmasa, bəlkə də bu fitnəkar xarakterli hərəkətlərə gedəcəklər. Ancaq Ermənistanın iqtisadi tərəqqisi Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmadan, nəqliyyat layihələrini reallaşdırmadan mümkün deyil. Hələ ki, erməni xalqı xarici çobanların qırğına apardığı sürüya oxşayır.
Gununsesi.info