İqtidar deputatına küçənin ortasında hücum edildi

  • By admin
  • 25 Yanvar 2024 15:14

Cənubi Koreyada hakim Xalq Gücü Partiyasından olan deputat Bae Hyun-jin paytaxt Seulda küçənin ortasında naməlum şəxsin hücumuna məruz qalaraq yaralanıb.

Gununsesi.info xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, Bae paytaxt Seulda küçədə gedərkən bir nəfər ona yaxınlaşaraq “Siz Bae Hyun-jin köməkçisiniz?” deyə soruşub. Daha sonra həmin şəxs deputatın başının arxasına bərk əşya ilə zərbə endirərək xəsarət yetirib.

Hücumdan sonra xəstəxanaya aparılan Baenin həyatı üçün təhlükə olmadığı öyrənilib. Hadisə yerində saxlanılan hücumçunun kimliyi açıqlanmayıb.

Cənubi Koreyada ana müxalifət olan Demokratik Partiyasının lideri Li Jae-myung da 3 həftə əvvəl hücuma məruz qalıb. O, yanvarın 2-də Pusanın Gadeok adasındakı tikinti sahəsinə səfəri zamanı mətbuat mənsublarının suallarını cavablandırarkən, təcavüzkar avtoqraf almaq bəhanəsi ilə ona yaxınlaşıb və kəsici alətlə boynuna xəsarət yetirib.

Hücumdan sonra xəstəxanaya yerləşdirilən Linin həyati təhlükəsi olmadığı açıqlanıb və yanvarın 10-da evə buraxılıb. Polis hadisə yerində yaxalanan təcavüzkarın soyadının Kim və 1957-ci il təvəllüdlü olduğu barədə məlumatı paylaşaraq, şübhəlinin Lini öldürməyi planlaşdırdığını etiraf etdiyini bildirib.

Sosial mediadakı görüntülərdən şübhəlinin bir ay əvvəl Linin Busanda qatıldığı tədbirdə də göründüyü müəyyən edilib.

Gununsesi.info