İqtisadçı alim dünyasını dəyişdi

  • By admin
  • 05 Avqust 2016 10:58

telman

Azərbaycanın görkəmli iqtisadçı alimlərindən biri olan professor Telman Hüseyniov dünyasını dəyişib. Gununsesi.info xəbər verir ki, tanınmış iqtisadçı ekspert Azər Mehtiyev professorun ölümü ilə bağlı öz kədərini bölüşüb.

Gununsesi.info Azər Mehtiyevin qeydlərini təqdim edir:

Dünən mənim üçün çox əziz olan, elm yolunu seçməyimdə əhəmiyyətli rol oynamış nəhəng bir İNSAN – iqtisad elmləri doktoru, professor Telman Hüseynov – aramızdan getdi. Çox üzücü bir xəbər oldu. Xəbərin gec çatması üzündən dəfninə gecikdim və buna da çox üzüldüm – özümü onun ruhu qarşısında son borcunu verə bilməmiş kimi hesab edirəm.
Telman müəllim layiqli iqtisadçı-alim, sənaye iqtisaiyyatı sahəsində keçmiş SSRİ miqyasında söz sahibi olan alimlərdən biri olub: hələ gənc yaşlarında səmərəlilik məsələsində Aganbekyanla “kəllə-kəlləyə” gəlmiş və onu, yumşaq desək, geri çəkilməyə məcbur etmişdi. İqtisadi sahədə yazdığı monoqrafiyası dövlət mükafatına layiq görülmüşdü.
Son 15 ildə 4 böyük həcmli və faydalı dərslik yazaraq dərc etdirmişdi. Yüksək pedaqoji və lektor keyfiyyətlərinə malik bir şəxs idi. Onun mühazirələrini dinləmək xüsusi zövq verirdi.
Ən vacib keyfiyyəti: Telman müəllim çox nəcib və xeyirxah bir insan idi. Çox sayda qabiliyyətli gənclərə təmənnasız köməklik etmiş, onların inkişafına yol açmış yaxud inkişaf yolunda olan maneələrin aradan qaldırılmasına dəstək olmuşdu. Uzun bir müddət universitetmizin prorektoru vəzifəasində çalışdı, kafedramıza rəhbərlik etdi. Məhz rəhbərlik etdi, ağalıq etmədi: tələbkar idi, amma doğru olana yönlədirirdi. Həm də tələbkarlığı ilə yanaşı qayğıkeşliyi vardı. Hətta bu qayğıkeşlikdə rəhbərdən daha çox, bir AĞSAQQAL, BÖYÜKLÜK və valideynlik hissi vardı. Telman müəllim hər zaman yeri bilinən KİŞİ olub. Onun yeri hər zaman görünəcək.
Əziz xatirəsi hər zaman qəlbimizdədir. Allah rəhmət eləsin!

P.S. Telman Hüseynov əməkdar elm xadimi, əməkdar iqtisadçı, əməkdar müəllim kimi fəxri adlarla təltif edilmişdi. O belə təltiflərə həqiqətən layiq olan insan idi.

Gununsesi.info