İqtisadçi alimdən hökumətə təkliflər: “Ən gərgin mərhələ başlayır, idarə etmək asan olmayacaq”

  • By arzu
  • 20 İyun 2020 14:45
“Əhalinin yaxın zamanlarda artan müraciətlərini idarə etmək heç də asan olmayacaq”.
Gununsesi.org  xəbər verir ki, bunu iqtisadçi alim Qubad İbadoğlu deyib. Onun fikrincə, Azərbaycan koronavirusla müharibənin ən gərgin mərhələsinə qədəm qoyur:
“Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək. Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda heç şübhəsiz ki, yaxın iki həftədə təcili tibbi yardım müəssisələrinə müraciətlər həddindən çox olacaq. Belə olan halda da əhalinin yaxın zamanlarda artan müraciətlərini idarə etmək heç də asan olmayacaq. Çox güman ki, bu müraciətlər yalnız virusla bağlı deyil, əhali evdə qalan dövrdə digər səbəblərdən də baş verəcək. Belə ki, kimlərinsə baş və bədən ağrıları yaranacaqsa, hərarəti, təzyiqi, şəkəri artacaqsa, təcili tibbi yardıma müraciət edərək onlardan kömək istəyəcək”.
Qubad İbadoğlu bildirib ki, sərt karantin rejiminə keçməmişdən əvvəl zəruri saydığı tədbirlər üzrə təkliflərini təqdim edib:
1. Sərt karantin rejiminə keçməzdən əvvəl əhali arasında karantin mədəniyyətinin formalaşması istiqamətində maarifləndirmə və təbliğat işləri aparılsın.
2. TƏBİB sədrinin, səhiyyə nazirinin (əgər varsa) və sərt karantin rejim tətbiq ediləcək şəhər və rayonların səhiyyə müəssisələrinin rəhbərlərinin iştirakı ilə geniş videomüşavirə keçirilsin və tibbi işçiləri yeni mərhələnin qaydaları ilə təlimatlandırılsın (əgər varsa, yoxdursa, təcili hazırlansın).
3. Karantin rejimi sərtləşdirilən şəhər və rayonlara səhiyyə infrastrukturunun və tibbi personalının hazırlığını artırmaq üçün ora əlavə texniki, insan və maliyyə resursları cəlb edilsin.
4. Səhiyyə sahəsində çalışmış tibb işçilər, ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və könüllülər səfərbər edilərək, sərt karantin rejimi olan rayonlara ezam edilsin.
5. Səhiyyə işçilərinin əməyinin stimullaşdırılması ilə əlaqədar olaraq yeni dövrün tələblərinə və çağırışlarına uyğun olaraq əlavə tədbirlər həyata keçirilsin. Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin ailəsinə birdəfəlik 10 min manat yardım edilsin, onların adı əbədiləşdirilsin. Virus daşıyıcısı olan səhiyyə işçilərinin ailəsinin sosial təminatı dövlət hesabına təmimn edilsin, onların ailə üzvlərinin hər birinə müddətli olaraq 250 manat birdəfəlik yardım edilsin. Hazırda ön cəbhədə çalışan səhiyyə işçilərinin əmək haqları müddətli olaraq 10 misli qədər artırılsın”.

Gununsesi.org