Iqtisadiyyat naziri Şahin MustafayevTürkiyənin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Nazirlikdən Gununsesi.info-ya verilən xəbərə görə, səfir təyin olunması münasibəti ilə Erkan Özoralı təbrik edən Ş.Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını vurğulayıb.
Nazir bildirilib ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı böyük narahatlıq keçirib: “Lakin Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu dəhşətli cinayətin qarşısı alındı. Ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirilir. Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarındandır. Türkiyə tərəfindən Azərbaycana 10,1 mlrd. dollar, o cümlədən qeyri-neft sektoruna 2,6 mlrd. dollar, Azərbaycan tərəfindən isə Türkiyə iqtisadiyyatına 7,9 mlrd. dollar investisiya qoyulub. 2020-ci ilədək Türkiyəyə yatırılacaq sərmayələrin həcminin 20 mlrd. dollara çatdırılması nəzərdə tutulur”.
Nazir qeyd edib ki, Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1700-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir: “İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində indiyədək müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilib. Növbəti belə tədbir – 5-ci Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu noyabrın 16-da İstanbulda təşkil ediləcək. Üçtərəfli bu formatlı tədbirlərin Azərbaycan və Türkiyənin iştirakı ilə Rusiya, İran və Qazaxıstanla da keçirilə bilər. Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti nəticəsində tranzit yükdaşımalarında ciddi artıma nail olunub. Qeyri-neft sektoru və ixracyönümlü iqtisadiyyatın inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir. Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları böyükdür. Hazırda Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsi üçün tədbirlər görülür”.
Səfiri E.Özoral Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb: “Qardaş Azərbaycana minnətdarıq. İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Səfirlik olaraq iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək verməyi davam etdirəcəyik”.
Gununsesi.info